AFFA klubları cəzalandırdı
24.08.2023 - 12:16
AFFA klubları cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Yığıncaqda Misli Premyer Liqasının III turunda baş verənlər müzakirə olunub. Komitə müvafiq qərarlar verib.

“Kəpəz” – “Turan Tovuz” qarşılaşması bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Gəncə klubu 800 manat cərimə edilib. Meydan sahiblərinin azarkeşləri tərəfindən kütləvi şəkildə oyunun rəsmi şəxslərinin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə  kluba xəbərdarlıq edilib. Bu matçda “Mix” zona təşkil edilmədiyinə görə “Kəpəz” 500 manat cərimələnib. Qarşılaşmada zonaların tələblərinə riayət edilmədiyinə üçün Gəncə klubu 500 manat ziyana düşüb. “Turan Tovuz” azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə qonaqlar 1500 manat ödəyəcək.

“Qarabağ” – “Araz-Naxçıvan” oyununda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 700 manat cərimə edilib. “Sabah” – “Neftçi” matçında 7 üzvü cəzalanan meydan sahiblərinin də cəzası eyni olub. Qonaqlar isə 5 sarı vərəqə üçün eyni məbləğdə cərimə ödəyəcək.

“Sabah”ın baş məşqçisi Murad Musayev oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığından 1-i şərti olmaqla 2 matçlıq cəzalanıb, klubunu 1000 manat ziyana salıb. Sınaq müddəti 3 ay təyin edilib. “Sabah”ın azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə meydan sahiblərinə xəbərdarlıq edilib. “Neftçi” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə kluba xəbərdarlıq edilib. 
 

0