AFFA-nın baş katibi: “Ola bilər ki, əlavə pley-off matçları olsun”
16.06.2023 - 14:33
AFFA-nın baş katibi: “Ola bilər ki, əlavə pley-off matçları olsun”

“Bugünkü iclasın gündəliyində müxtəlif məsələlər var idi. Əsas müzakirələr 1-ci və 2-ci divizionla bağlı oldu”.

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev deyib.

Qurum rəsmisi assosiasiyanın İcraiyyə Komitəsinin bugünkü iclasından sonra jurnalistlərin suallarını cavablandırıb. Hacıyev Premyer Liqa, I və II divizionla bağlı qərarlardan danışıb: “Belə qərara qəbul olundu ki, Premyer Liqada komanda sayı dəyişdirilməyəcək. Əsasnamədə olduğu kimi 10 komanda qalacaq. Sonuncu yeri tutan “Şamaxı” Premyer Liqanı tərk edib. I divizionda 1-ci yeri tutan “Araz Naxçıvan” Premyer Liqaya vəsiqə qazanıb. Ümumiyyətlə Premyer Liqa gündəmdə deyildi. Əsasnaməyə uyğun şəkildə bir komanda oranı tərk edir, bir komanda isə yüksəlir”.

Hacıyev İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarovun komanda sayının artırılması barədə açıqlamasına da münasibət bildirib: “Mənə artıq bu məsələ barədə deyiblər. Düşünürəm ki, burda iki məsələ var. Ya Elmar müəllim tərəfdən müəyyən anlaşılmazlıq olub, ya da sizin həmkarlar tərəfdən”.

Hacıyev I divizion barədə də danışıb: “Qərara almışdıq ki, əvəzedicilər I diviziondan ayrılsın. Onda 6 klub qalır. Birinci diviziona 4 yeni komanda qoşulacaq. İkinci divizionda 12 klub olacaq. Bu liqanın statusu yarımpeşəkar hesab ediləcək. Hər üç liqada idman prinsipləri qorunacaq. Növbəti mövsüm Premyer Liqanı bir komanda tərk edəcək, biri gələcək. Eyni qayda I diviziona da şamil olunacaq. Lakin buranı tərk edəcək və gələcək komandaların sayı hələ dəqiqləşməyib. Bu format işlənilib çempionat ərəfəsində açıqlanacaq. Ola bilər ki, sonuncu yer tərk etsin, bundan əlavə pley-off matçları olsun. Əminik ki, mübarizlik artacaq”.

Baş katib II divizionla bağlı ilkin planın dəyişdiyini qeyd edib: “Öncə burada 10 komanda olacağı müzakirə olunurdu. Sonra qərara aldıq ki, 12 komandaya çatdıraq. Düşünürük ki, bu müsbət addımdır. Futbolçularımızın sayı artacaq. Komandaların adları yaxın saatlarda saytımızda açıqlanacaq. Bu adlar çox olduğu üçün indi onları çəkmək istəmirəm”.

Baş katib legioner limiti barədə qərarın da verildiyini bildirib: “İkinci divizionda ümumiyyətlə legioner olmayacaq. 1-ci divizion barədə yekun qərar olmasa da, burada çox az sayda əcnəbiyə icazə veriləcək”.

Hacıyev futzal millisinə təyinata da toxunub: “Vitali Borisovun namizədliyi təklif olunmuşdu. O, yığmanın baş məşqçisi kimi təsdiqləndi”.

Qurum rəsmisi qeyd edib ki, əvəzetmələrlə bağlı müzakirələr də olub: “Əvəzetmələrin sayı deyil, detalları müzakirə edildi. Əvvəl 5 əvəzetmədən üçü yerli, ikisi əcnəbilərlə bağlı olmalı idi. Bu limit aradan qaldırıldı. Baş məşqçi istəyirsə, 5 legioneri əvəzləyə bilər”.

Hacıyev II divizionda son yeri tutan komandanın Region Liqasına yuvarlanacağını bildirib. Divizionla bu liqa arasında komandalarının enib-yüksəlmə prinsipləri üzərində işlər aparılır: “Hər komandaya 50 min manat dəstək olması nəzərdə tutulub. Ola bilər, komandanın, liqanın sponsoru olsun, rəqəmlər dəyişsin. I divizion komandalarına verilən 300 min manatlıq dəstəyin artırlması nəzərdə tutulmayıb. Bu rəqəm I divizion üçün pis rəqəm deyil. Onlar gözləməməli, özləri də sponsor tapmalıdır”.

0