Aleksey İsayev: "Murad Musayevə hər zaman minnətdar olacam" - Müsahibə
05.02.2024 - 21:02
Aleksey İsayev: "Murad Musayevə hər zaman minnətdar olacam" - Müsahibə

“Qarabağ”ın yarımmüdafiəçisi Aleksey İsayev apasport.az saytına müsahibə verib:

- “Qarabağ” “Səbail”lə matçda qələbə qazanmağı bacardı. Görüşü necə dəyərləndirirsən?
- “Səbail”in süni örtüklü meydançasında oynamaq hər zaman çətindir. Üstəlik, oyun da 15:00-da idi. Bunlar bəhanə deyil. Əsas odur ki, qalib gəldik. Doğrudur, oynaya bildiyimiz oyunu göstərə bilmədik. Amma qalib gəldik. Ağır oyun oldu. “Səbail” yaxşı və maraqlı komandadır. Ona görə də, onlarla matçlar həmişə ağır və maraqlı keçir. Allaha şükür qalib gəldik, addım-addım irəliləyirik.

- Bir matçda dörd penalti qeydə alındı. Karyeranızda belə bir şey olmuşdu?
-  Düzü, xatırlamıram. Amma futbol elə gözlənilməz olduğu üçün maraqlıdır.

- “Sabah” və “Qarabağ”da oynamaq: hansı fərqlər var? Ağdam klubuna tam adaptasiya olmusan?
- “Qarabağ”ın stili elədir ki, mənə də uşaqlıqdan bu cür futbol oynamağı öyrədiblər. Ona görə də, uşaqları anlamaq üçün çox vaxta ehtiyac olmadı. Doğrudur, adaptasiya hələ gedir. Komanda yoldaşlarımla anlaşma prosesi davam edir. Fikrimcə, zaman keçdikcə hər şey daha yaxşı olacaq, futbolçulara və komandaya məqsədə çatmaq üçün kömək olacam.

- Maraqlıdır, bundan əvvəl “Qarabağ”a keçmək variantın olmuşdu?
- Düzünü deyim, bilmirəm. Hazırda “Qarabağ”dayam və özümü xoşbəxt hiss edirəm. Əsas olan da budur. Buna qədər nə olub-olmayıb, onu bilmirəm. Əsas odur ki, buradayam. Buna görə də, Allaha minnətdaram. İnkişaf etməyə davam edirəm.

- “Qarabağ” karyeranın pik nöqtəsidir? Bu klubda hədəflərin nədir?
- Əlbəttə. Məqsəd və hədəf hər oyunda qələbə qazanmaq, azarkeşlər və xalqı sevindirməkdir. Həmçinin hədəf klubun inkişaf etməsinə kömək olmaqdır. Təbii ki, həm də özüm inkişaf etmək, addım-addım öz səviyyəmi artırmaq istəyirəm. Ona görə işləməyə davam edirik.

- Avrokuboklarda “Qarabağ”ın heyətində səni görəcəyik?
- Allah qoysa. Hazırlaşacam. 

- Avropa Liqasının pley-off mərhələsinin “Braqa” ilə oyununa 10 gündən az vaxt qalıb. Ümumiyyətlə, Portuqaliya klubu haqda fikrin necədir?
- “Braqa” Portuqaliyanın top-4 komandasından biridir. Hamımız da bilirik ki, Portuqaliya çempionatı çox güclü və çox maraqlıdır. “Braqa” “Sportinq”, “Benfika” və “Porto” kimi komandalardan geri qalmır. Bu mənada, “Braqa” çox maraqlı və yaxşı komandadır. Heyətində çox keyfiyyətli oyunçular yer alıb. Amma mümkünsüz heç nə yoxdur. Meydana çıxıb, öz futbolumuzu oynayıb, qalib gəlməyə çalışacağıq.

- “Sumqayıt” və “Sabah”da Azərbaycan çempionu ola bilməmişdin. Böyük ehtimalla bu istəyinə “Qarabağ”da çatacaqsan....
- Allah qoysa, çempion olarıq. Öncədən danışmaq istəmirəm. Çünki hələ mövsüm davam edir və qarşıda oyunlar çoxdur. Biz addım-addım irəliləyirik. Təki, hər şey sonda istədiyimiz kimi olar.

- Murad Musayev gözlənilmədən, “Sabah”dan ayrılmağa qərar verdi. Onun gedişinə münasibətin necədir?
- Murad Oleqoviçə çox böyük hörmətim var və hər zaman da hörmət edəcəm. O, mənim karyerama yaxşı mənada çox təsir edib. Buna görə, ona hər zaman minnətdar olacam. Murad Musayevə ən yaxşısını arzulayıram. “Sabah”dan gedişinin mənim üçün gözlənilməz olduğunu deməzdim. Ona ən yaxşısını arzulayıram. Murad Oleqoviç əla məşqçi və əla insandır. Hər şey istədiyi kimi alınsa, buna çox sevinərəm.

- Niyə “Qarabağ”da məhz 24 nömrəli formanı götürdün?
- Qızımın doğum günü 16-da, oğlumun isə 8-dədir. Bu iki rəqəmi toplayanda 24 edir. Ona görə də, həmin rəqəmi götürdüm. 

- Danışıqlara görə “Sabah”a qarşı oynamayacaqsan...
- Qurban Qurbanov özü də bildirdi ki, centlemenlik razılığı var ki, kubok matçlarında “Sabah”a qarşı oynamayacam. Amma digər turnirlərdə meydanda olacam. Kubok görüşləri də bildiyim qədərilə, məhz bu mövsümə aiddir. Ümid edirəm ki, yeni mövsüm bütün oyunlarda oynayacam.

- Yəqin ki, “Sabah”a qarşı oynamaq maraqlı olardı....
- Ümumiyyətlə, futbol çox maraqlı oyundur. Hər zaman oynamaq, meydanda olmaq maraqlıdır.

0