AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
15.07.2026 - 12:42
AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) hazırladığı 2027-ci il Azərbaycan Milli Antidopinq Qaydaları layihəsi Ümumdünya Antidopinq Agentliyi (WADA) ilə razılaşdırılıb.

Apasport.az xəbər verir ki, bununla Azərbaycan yeni Ümumdünya Antidopinq Məcəlləsinə uyğun milli qaydaları hazırlayan ilk ölkələrdən biri olub.

Bildirilib ki, yeni qaydalar 2027-ci ildən qüvvəyə minəcək Ümumdünya Antidopinq Məcəlləsinə uyğun hazırlanıb və gələn ilin 1 yanvarından tətbiq ediləcək.

Qaydalara əsasən, nümunəsində qadağan olunmuş maddə aşkarlanan idmançı həmin maddənin orqanizminə necə daxil olduğunu və bunun idman nəticələrinin artırılmasına təsir göstərmədiyini sübut edərsə, əvvəlki qaydalarla müqayisədə daha yüngül sanksiya tətbiq oluna biləcək.

Bundan başqa, antidopinq qayda pozuntusunu etiraf edən və AMADA-nın təklif etdiyi hüquqi nəticələrlə razılaşan idmançılar üçün yeni güzəşt mexanizmi də nəzərdə tutulub. Belə hallarda diskvalifikasiya müddəti 25 faiz azaldıla bilər.

Yeni qaydalara əsasən, antidopinq qayda pozuntularının, inzibati xətaların və ya cinayət əməllərinin aşkarlanması istiqamətində AMADA ilə səmərəli əməkdaşlıq edən şəxslər üçün də güzəştlər tətbiq ediləcək. Müəyyən şərtlər daxilində onlara verilən sanksiyalar dörddə üç hissəyədək azaldıla bilər.

Yeniliklərdən biri də antidopinq qayda pozuntusu törədən şəxslərə qarşı yalnız diskvalifikasiya deyil, maliyyə xarakterli sanksiyaların da tətbiq olunmasıdır.

Eyni zamanda, milli idman federasiyalarının dopinqlə mübarizə sahəsində öhdəlikləri daha da gücləndirilib. Bu öhdəliklərin yerinə yetirilməməsi halında federasiyalar müxtəlif növ sanksiyalarla üzləşə biləcəklər.

Qeyd edək ki, 2027-ci il Azərbaycan Milli Antidopinq Qaydalarının tam mətni yaxın günlərdə idman ictimaiyyətinə təqdim olunacaq.