Anar Dünyamalıyev: "2-ci liqaya çıxmaq istəyiriksə, xarakter göstərməliyik"
25.01.2024 - 20:57
Anar Dünyamalıyev: "2-ci liqaya çıxmaq istəyiriksə, xarakter göstərməliyik"

Bir neçə gün əvvəl Region Liqasında növbəti tura yekun vuruldu. Çempionluğa iddialı "Çinar-Zəngilan" doğma publika qarşısında "Rekord Club"u qəbul edib. 

Apasport.az xəbər verir ki, Zəngilan təmsilçisi rəqibini 2:0 hesabıyla məğlub edib.

Cari mövsümdə məğlubiyyət üzü görməyən zəngilanlılar Bakı klubunu çətinliklə məğlub edib. Oyunla bağlı ətraflı məlumat almaq üçün "Çinar-Zəngilan"ın təsisçisi və baş məşqçisi Anar Dünyamalıyevə müraciət etdik: 

"Bizim üçün çox ağır, gərgin oyun alındı. Qarşılaşmanın belə dramatik keçməsinin bir neçə səbəbi vardı. 2 həftə idi ki, matç keçirmirdik, futbolçularım oyun praktikasızlığından əziyyət çəkirdi. Hava şəraiti də uyğun deyildi. Rəqib də kifayət qədər müqavimət göstərdi. Əgər əvvəlki oyunlarımızda darmadağınlı qələbələr qazanmışdıqsa, bu dəfə fərqli hesabla qələbə qazandıq. Düzdür, 90 dəqiqə ərzində qol fürsətlərimiz olsa da, onlardan ikisini reallaşdıra bildik. Əsas odur ki, 3 xalımızı qazandıq, şükürlər olsun naməğlub seriyamız davam edir. Təxirə salınan oyunlarımızı nəzərə almasaq, 5 turdan sonra maksimum nəticə göstərmişik, rəqib qapılarından 26 top keçirib, öz qapımızda 2 qol görmüşük.  Hazırda məni növbəti matçımız düşündürür. Qarşıda bizi qrupun lideri "Mübariz FA"lə olduqca ağır qarşıdurma gözləyir. Adı çəkilən rəqiblə yanaşı irəlidə bizi 11 matç gözləyir. Bu 11 raundun hər birində maksimum nəticə göstərib qrup lideri kimi növbəti mərhələyə keçid etmək istəyirik. Çempion olub, 2-ci liqaya çıxmaq istəyiriksə hər oyunda xarakter göstərməliyik". 

Abdulla İsmayıloğlu

0