“Araz”ın məşqçisi: “Əgər qərar verirsənsə, VAR-a baxmalısan”
07.04.2026 - 23:12
“Araz”ın məşqçisi: “Əgər qərar verirsənsə, VAR-a baxmalısan”

Misli Premyer Liqasının XXVI turunun "Araz-Naxçıvan" - "Sabah" matçından (2:4) sonra ev sahiblərinin məşqçisi Vadar Nuriyevin mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis oyun haqqında fikirlərini bölüşüb:

"Oyuna yaxşı hazırlaşmışdıq, rəqibi yaxşı təhlil etmişdik. Matça da yaxşı başladıq. Adi səhvdən, anlaşılmazlıqdan qol buraxdıq. İkinci qol da səhvdən sonra oldu. İkinci qol zamanı qayda pozuntusu var idi, amma baş hakim VAR-a baxmadı. "Sabah" elə komandadır ki, əks-hücum şansı verdinsə, bağışlamaycaq. Ən azından 1 xal götürmək istəyirdik. Alınmadı. "Sabah"ı təbrik edirik. Biz də öz yolumuza davam edəcəyik".

- Hakimin rəqibə simpatiyası hiss olunurdu? Nəticəyə təsir edən səhvləri oldu? 
- Əlbəttə. Nuno Rodriqesi vurmuşdular, baxmadılar. Baş hakim "Sabah"ın 3-cü qolu zamanı VAR-a baxmadı. Əgər qərar verirsənsə, VAR-a baxmalısan. Bu qərarlar da bizim oyunumuza təsir etdi.