“Turun mərkəzi oyunu idi".
Bu sözləri Apasport.az saytına açıqlamasında “Neftçi” – “Turan Tovuz” oyununu dəyərləndirən Azərbaycan milli komandasının sabiq baş məşqçisi Arif Əsədov bildirib.
Mütəxəssis oyunda taktiki mübarizənin gedişatına da toxunub: "Qol epizodları çox olmasa da, maraqlı qarşılaşma izlədik. Meydanda əsasən taktiki mübarizə getdi. Tovuz təmsilçisi üçüncü pilləyə layiq olduğunu sübut etdi. Kurban Berdiyev komandada nizam-intizamlı sistem formalaşdırıb. Matç bərabərliklə də yekunlaşa bilərdi. Lakin “Turan Tovuz” fürsətlərdən istifadə etməyi bacardı. “Neftçi”də isə Yuri Vernidubun stabil heyətlə bağlı problemlərinin olduğu aydın görünür. Bu isə bəzi mövqelərdə yetərincə futbolçunun olmaması ilə əlaqədardır. Müdafiə xəttini buna nümunə göstərmək olar. Dünənki matçda bu nüans özünü açıq şəkildə göstərdi. Baş məşqçi cinah müdafiəçiləri olmadığı üçün məcburiyyətdən Ştoqrin və Ortiçi müdafiə xəttinə çəkməli olmuşdu. “Neftçi”nin oyununda stabillik yoxdur. Amma əvvəlki performanslarla müqayisədə müəyyən irəliləyiş hiss olunur. Taktiki baxımdan hər iki komanda bir-birini yaxşı analiz etmişdi. Xüsusilə qoldan sonra Berdiyev birinci və ikinci zonalarda müdafiə xəttini elə qurdu ki, “Neftçi” ciddi qol imkanları yarada bilmədi. Vernidubun etdiyi əvəzetmələr də oyunun gedişinə ciddi təsir göstərmədi”.
Əsədov “Neftçi”nin avrokubok şanslarını da qiymətləndirib: “Dünənki məğlubiyyətdən sonra ‘ağ-qaralar’ın avrokubok şansları daha da azaldı. ‘Şamaxı’ və ‘Turan Tovuz’a qarşı oyunlarda itirilən 4 xal paytaxt klubunu daha çətin vəziyyətə saldı. Fikrimcə, ‘Neftçi’ artıq avrokubokları daha çox növbəti mövsüm üçün düşünməlidir. Vernidub hansı fəlsəfəyə uyğun futbolçular gətirmək istəyirsə, bunu rəhbərliklə razılaşdırmalı və axtarışlara başlamalıdır”.
Qeyd edək ki, 23-cü turdan sonra “Turan Tovuz” 44 xalla turnir cədvəlinin 3-cü, “Neftçi” isə 31 xalla 7-ci pilləsində qərarlaşıb.
Murad Abdullazadə