Aslan Kərimov: “O, “Qarabağ”da oynaya biləcək” - MÜSAHİBƏ
30.05.2023 - 19:19
Aslan Kərimov: “O, “Qarabağ”da oynaya biləcək” - MÜSAHİBƏ

“Qarabağ”ın veteran kapitanı Aslan Kərimovun apasport.az saytına müsahibəsi

- “Qarabağ” artıq ilk transferini həyata keçirib. Hamidu Keytanın keçidini necə şərh edərdiz?
- Keyta “Qarabağ”a köməklik göstərə biləcək. Daxili çempionatda göstərdiyi performans onu deməyə əsas verir ki, bu futbolçu “Qarabağ”ın heyətində oynaya biləcək.

- Maraqlıdır ki, Keyta Zubirin mövqeyinin futbolçusudur. Sizcə daha çox hansına üstünlük veriləcək?
- Düşünmürəm ki, Keyta Zubirin mövqeyi üçün gəlib. Hazırkı vəziyyətdə “Qarabağ”da Zubir hələ ki, əvəzolunmazdır. Hamidu da daha çox cinahlarda oynayır, məsuliyyəti üzərinə götürərək cərimə meydançasına daxil olmağı xoşlayır. Məncə, “Qarabağ”da bir cinahda Zubiri, digər cinahda isə Keytanı oynatmağı düşünürlər. Çünki ona qədər də bir neçə transferlər oldu. Adama Diakabi daxil olmaqla, digərlərini də görmək mümkün olmadı. Bilmirəm, zədə ilə bağlı idi, ya başqa məsələdir. Hər halda, zədəli olduqları üçün qışda gələnləri görə bilmədik. “Qarabağ”da Çempionlar Liqasının qrup mərhələsini hədəfləyiblərsə, cinahlarda topu üzərinə götürəcək oyunçulara ehtiyac var. Keyta da bunu daxili çempionatımızda bunu göstərə bilmişdi. Məncə, onu cinahlardan birində oynadacaqlar. Ola bilər ki, hansısa matçda Zubirin də əvəzinə meydana çıxacaq. İstər-istəməz bir futbolçu bütün matçları oynayası deyil. Nə vaxtsa, Zubiri də əvəzləmək lazım gələcək. Keyta da onun yerinə ən yaxşı namizədlərdən biridir. Məncə, Ramil Şeydayevin gedişindən sonra, əks cinaha gətirilmiş həmlədir. 

- Düşünmək olar ki, elə Keyta “Qarabağ”ın məşqçilər korpusunun diqqətini əvvəlcədən cəlb etmişdi və ona görə də, “Qalatasaray”la oyuna dəvət olunmuşdu?
- Belə olduğunu düşünmürəm. Çünki fikirləşmirəm ki, “Qarabağ”ın texniki heyəti yalnız bir oyunla Keytaya dəyər versin. Onun daxili çempionatdakı performansı həlledicidir. Yəqin ki, Rəşad Sadıqovla da məsləhətləşiblər. O, “Qarabağ”dan çıxmış futbolçudur. Məncə, zaman-zaman Qurban Qurbanov Rəşadla hansısa məsələlərdə məsləhətləşir. Keytanı da ən yaxşı tanıyanlardan biri Rəşaddır. Həm məşqdə, həm də oyunlarda nəyə qadir olduğunu görür. Burada Rəşad Sadıqovun da rolu var. Amma sırf “Qalatasaray”la oyun heç bir göstərici deyildi. O oyunun mənəvi göstəricisi var idi. 

- Hamidunun gəlişi Zubirin gedişinə təsir etməz ki?
- Təbii ki, təsir etməz. Doğrudur, Zubir də gedə bilər. Amma 100 faiz əminəm ki, Keytanın “Qarabağ”a gəlməsi Zubirin gedişinə səbəb deyil. Gedəsi olsa, başqa səbəbdən sonra reallaşar. Lakin Zubirin özəlliyi tamam fərqli və başqadır. Hamidunun qaçış sürəti Zubirdən daha yüksək ola bilər. Amma dar zonada rəqibləri aldatmaq baxımından Zubir “Qarabağ” üçün əvəzsizdir. 

- Bəs, bu gediş “Zirə”yə necə təsir edəcək?
- Əlbəttə, Rəşad Sadıqov Keytanın əvəzinə oyunçu tapa bilməsə, gedişi “Zirə”nin oyununa təsir edə bilər. Yəni, komandanın hücumlarının kəsəri aşağıya enmək ehtimalı var. Rəşadın bəlli oyun üslubu, sistemi var. Bunu icra edən oyunçulardır. Keyta oyunçu keçməyi, zona boşaltmağı bacarır. Onun kimi birisi komandadan gedirsə, ən azından onun keyfiyyətdə futbolçu almaq lazımdır. Amma indiki şəraitdə bu cür futbolçunun tapılması çox çətindir. Keyta kimisini tapa biləcəklərsə, oyunlarına o qədər də çox təsir göstərməyəcək. Alınmasa, oyuna təsir edə bilər. Keyta artıq Rəşad Sadıqovun hansı oyunu oynatmaq istədiyini bilir. Uzun müddətdir ki, komandaydı, adaptasiya olmuşdu. Lakin lap Keyta səviyyəsində oyunçu gəlsə də, uyğunlaşmaq üçün bəlli müddət lazımdır. Bu zaman da performans aşağı düşür. İlkin anlarda “Zirə” üçün bu amil çətinlik yarada bilər. 

- Ramil Şeydayevin Tailanda mümkün gedişi də, azarkeşlər tərəfindən xoş qarşılanmadı. “Qarabağ”ı “Buriram Yunayted”ə dəyişməsini necə şərh edərdiz?
- Bu cür vəziyyətlərdə daha çox ehtiyatlı danışmağı tərcih edirəm. Çünki futbolçunun keçidi zamanı daxili dünyasını, kollektivdəki ab-havasını, komandanın ona verəcəyi dəyərləri bilmədiyimiz halda, kimisə qınamaq düzgün deyil. İndi də ehtiyatlı danışmaq istəyirəm. Məsələlərin nə yerdə olmasından xəbərdar deyiləm. Yalnız mediada yazılanlar belədir ki, Şeydayevə digər klubda daha çox pul verirlər, o da getmək istəyir. Həqiqətdə olan məsələlərdən xəbərimiz yoxdur. Xəbərimiz olmadığı üçün də, bir oyunçunu qınamaq istəmirəm. Məsələyə texniki tərəfdən yanaşası olsaq, Tailand çempionatında oynamaqla, “Qarabağ”da oynamaq arasında fərq var, bunu da bilirik. Ramilin Tailand çempionatında çıxış etməklə performansının artacağına inanmıram. Nə varsa, indiki odur. “Qarabağ”da oynadıqları oyunların səviyyəsi daha yüksəkdir. Bu baxımdan milliyə xeyir verməsi də buradan qaynaqlanır. Ramil Şeydayevi qınamaq istəmirəm. Bir daha deyirəm, daxildə gedən söhbətlərdən xəbərim yoxdur. Ancaq misal çəkirəm. Bir komanda futbolçusuna dəyər vermirsə, həmin oyunçu da, həmin komandadan ayrılmaq istəyirsə, bu, normaldır. Mən də olsam, əgər dəyər verilmirsə, o komandadan ayrılaram. Ya da, baş məşqçi ilə münasibət yaxşı deyilsə, burada maddiyyat o qədər önəm kəsb etmir. Bir futbolçu olduğu yerdə xoşbəxt deyilsə, orada qalması heç nə qazandırmır. Daxildə gedən söhbətlərdən xəbərim olmadığı üçün Ramili qınamaq istəmirəm. Məsələyə yalnız texniki tərəfdən yanaşası olsaq, bəli, Tailand çempionatı “Qarabağ”ın oynadığı oyunların səviyyəsindən daha aşağıdır. Bu baxımdan Ramilin gedişi onun performansına və millidəki oyunlarına təsir göstərə bilər.

0