Avropa çempionatı: 3 güləşçimiz finalda
14.03.2023 - 20:30
Avropa çempionatı: 3 güləşçimiz finalda

Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında Avropa çempionatında 3 güləşçimiz finala çıxıb.

Apasport.az xəbər verir ki, mübarizəyə 1/4 finaldan qoşulan Elmir Əliyev (60 kq) türkiyəli Mərt İlbarsla gərgin keçən görüşdə əzmkar qələbə qazanıb – 6:5. Həmyerlimiz yarımfinalda gürcüstanlı Dimitre Xaçidzeni üstələyib – 7:1. Elmir finalda israilli Melkamu Fetene ilə qarşılaşacaq.

Həsən Məmmədli (67 kq) debütdə israilli Mixail Portmanna heç bir şans tanımayıb – 10:1. Güləşçimiz 1/4 finalda türkiyəli Mustafa Yıldırıma məğlub olub – 2:4. Ancaq rəqib finala yüksəldiyi üçün Həsən bürünc medal uğrunda güləşəcək. Rəqib bolqarıstanlı İvo İliyev olacaq.

Qurban Qurbanov (72 kq) ilk mərhələdə xorvatiyalı Luka Malobabiçi vaxtından əvvəl xalçadan məyus yola salıb – 8:0. Qurbanov 1/8 finalda rumıniyalı İqor Botezdən güclü olub – 6:0. Qurban 1/4 finalda finlandiyalı Yoni Komppaya qalib gəlib – 4:1. Yarımfinalda gürcüstanlı Giorgi Çixvadzeylə görüş gərgin mübarizə şəraitində keçib. Sonuncu xal prinsipinə əsasən (1:1) rəqibini üstələyən güləşçimiz adını finala yazdırıb. Qurbanov həlledici qarşılaşmada Ukraynanı təmsil edən İrfan Mirzəyevlə üz-üzə gələcək.

İsmayıl Rzayev (82 kq) 1/8 finalda Norveç təmsilçisi Eksaus Mukubuya uduzub – 0:9. Ancaq rəqib finala yüksəldiyi üçün güləşçimiz bürünc medal uğrunda mübarizəni davam etdirmək şansı əldə edib. Rzayev təsəlliverici görüşdə polşalı Adam Qardziola ilə qarşılaşacaq.

Murad Əhmədiyev (97 kq) debütdə serbiyalı Luka Katiçə qalib gəlib – 7:2. Pəhləvanımız 1/4 finalda ukraynalı Aleksandr Yevdokimovu məğlub edib – 5:2. Əhmədiyev yarımfinalda almaniyalı Lukas Lazoyanisi 7:4 hesabıyla üstələyərək finalda macarıstanlı Aleks Sökeyə rəqib olub.

Qeyd edək ki, bu çəkilərdə təsəlliverici və medal görüşləri martın 15-də keçiriləcək.

0