Ayxan Abbasov: “Buna ehtiyacımız var” - MÜSAHİBƏ
11.03.2023 - 12:34
Ayxan Abbasov: “Buna ehtiyacımız var” - MÜSAHİBƏ

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovun apasport.az saytına müsahibəsi 

- “Turan Tovuz”la müqavilə müddəti üç illik artırıldı. Bu mövzu çoxdan var idi, yoxsa yeni razılıq əldə edildi? Mövsümün sonunu gözləməyiniz nə ilə bağlı idi?
- Bu söhbət yaxın günlərdə olub. Biz gələcəyin planları barədə fikirləşib, hansısa addım atmaq istəyiriksə, qərar verməli idik. Yeni komandaydıq, çox çətinliklə heyət qurduq. Həqiqətən çox çətin anlar yaşadıq. Amma həm rəhbərlik əlindən gələni etdi, həm də futbolçulara çətinliklərə dözdü. Komanda formalaşdırmağa çalışdıq ki, çempionatda mübarizə aparaq. Ancaq bundan sonra inkişaf etmək lazımdır. Yeni sponsorumuz var. Həqiqətən futbolu sevən, futbolun inkişafını fikirləşən insanlardır. Ümumən, gələcək planlar haqda danışırdıq. Gələcəkdə hansı addımları atmalıyıq, necə inkişaf etməliyik? Bu barədə söhbətlər edirdik. Bu 1-2 ilə olan məsələlər deyil. Planları tutmalı, səbirli olmalıyıq. Futbolçuları saxlamalıyıq, transferlər 1 yox, 2-3 illik olmalıdır ki, bunların hamısı danışılırdı. İndi müqavilə imzalamağımızın səbəbi odur ki, baş məşqçi qalacaq, gedəcək, ya hansısa futbolçu qalacaq, ya gedəcək kimi söhbətlər mövsümün sonunda çətin olur. Təklif gəldi və danışdıq, razılaşdıq.

- Yeni müqavilə şərtləri yaydakı şərtlərdən daha yaxşıdır?
- Baş məşqçi kimi ən əsası məni qane edən odur ki, burada hər kəs öz işini görür. Baş məşqçiyə rahat çalışması üçün şərait yaradılıb. Bölgə komandasıyıq, gözəl azarkeşlərimiz var. Çalışacağıq ki, evdəki oyunlarımızda bundan da yaxşı oynayaq. Buna ehtiyacımız var. Heyətdə rəqabəti artırmalıyıq. Məşqçi kimi inkişaf etməyimiz də lazımdır. Mənim üçün vacib olan maddi cəhətdən daha çox, başqa məsələlər var idi. Onlar yaxşılaşacaq. Klub olaraq inkişaf edəcəyik, şərait baxımından daha yaxşı olacaq. Bunlar daha önəmliydi və mənə maraqlı idi.

- Komanda birinci diviziona düşərsə, necə olacaq? Baş məşqçi postunda qalacaqsız?
- İlk hədəfimiz elə çempionatda möhkəmlənməkdir. Həqiqətən də, çox çətin mübarizə olacaq. Amma çalışırıq. Rəhbərliyin də istədiyi odur ki, liqada möhkəmlənək. Ancaq futbolda hər şey ola bilər. Böyük komandalar olub ki, belə hadisələrlə üzləşib. Lakin bir ildən sonra yenidən yüksək liqaya qayıdıblar. Bugünkü gündə əsas məqsədimiz Premyer Liqada möhkəmlənməkdir. 

- Yayda bu mövsüm üçün planlaşdırdığınız işin necə faizini yerinə yetirə bilmisiz?
- Məqsədimiz yüksək liqada qalmaq idi. İşlərimizi bu yöndə planlaşdırmışdıq. Hələ qarşıda bir dövrədən çox oyun var. Bunun öhdəsindən gələ bilsək, bu mövsüm bizim üçün uğurlu olacaq. Bununla da, klub olaraq təcrübə qazanırıq, futbolçular da təcrübə qazanır. Daha möhkəm, daha yaxşı komanda olmağa çalışacağıq.
 
- “Turan Tovuz” “Nefçti”yə 0:4 uduzsa da, bu mövsüm liqadakı ən mübariz komandalarından birisiz. Kubok matçlarında onlara qarşı görüşlərdə risklər edəcəksiz?
- "Neftçi" qışdan sonra "Sabah"a qarşı keçirdiyi oyundan sonra çox yaxşı çıxış edir. Bizdən öncə də evdəki rəqiblərə qalib gəlirdilər, qol buraxmırdılar. "Qarabağ"a qarşı da yaxşı mübarizə apardılar. Biz də "Neftçi"dən çəkinmədən mübarizə aparırdıq. Epizodlarımız da oldu. Ancaq rəqibin hücum xəttində yüksək keyfiyyətlərə malik futbolçuları var. Kubokda da mübarizə aparacağıq. Birinci ilimizdə yarımfinala çıxıb, "Neftçi" kimi komanda ilə mübarizə aparmaq bizim üçün inkişafın yollarından biridir. Belə oyunlar bizim üçün vacibdir. Azarkeşlərimizi sevindirməyə çalışacağıq. Onlar bizi sona qədər dəstəkləyirlər. Ən böyük motivasiyamız onlardandır. Futbolçularıma inanıram, güvənirəm. Hər iki oyunda mübariz komanda görəcəyik.

- Necə düşünürsüz, kubokun yarımfinalındakı dörd komandadan daha çox hansının şansı yüksəkdir?
- Dörd komandaya baxsaq, "Neftçi" və "Qəbələ" üstün görünür. Çünki Bakı təmsilçisi çempionluğa oynayan böyük komandadır. "Qəbələ"nin də böyük təcrübəsi var. Ölkə kubokunu da qazanıb. Üç dəfə kubokun finalında uduzub. Avrokuboklarda qrup mərhələlərində iştirak edib. "Səbail" və "Turan Tovuz"la müqayisədə, onlar favoritdirlər. Amma futboldur da, öncədən heç nə demək olmur. Hər bir komanda, hər bir məşqçi uğur qazanmaq, kuboka sahib çıxmaq, medal almaq istəyir. Biz bu hədəfə çatsaq, inkişafımız üçün böyük təkan olar. Bu olmasa da, həvəsdən düşməməliyik. Çünki bizim gələcəkdə belə hədəfə çatmaq üçün böyük motivasiyamız var. Mübarizə aparmaq lazımdır, amma çox çətin olacaq.

0