Ayxan Abbasov: “Çox rahat qollar buraxdıq”
17.05.2024 - 23:13
Ayxan Abbasov: “Çox rahat qollar buraxdıq”

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 34-cü turunda səfərdə "Qarabağ"a 3:4 hesabı ilə məğlub olub.

Apasport.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Xal qazanmaq istəyirdik. Bilirdik ki, rəqib "Qarabağ"dır, çətin olacaq. Birinci hissədə qol epizodlarını dəyərləndirə bilmədik. İkinci hissəyə yaxşı başladıq, qollar vurduq. Məğlubiyyətə üzülürəm. Çox rahat qollar buraxdıq. Amma yaxşı qollar vurmuşuq. Ən çox qol vuran ikinci komandayıq. Son dörd tura kimi avrokubok həyəcanı yaşadıq. Gələn mövsüm bunu sona qədər çatdırmaq lazımdır.

- Rəqibin 4-cü qolundan öncə qayda pozuntusu olduğu görünürdü. Siz necə düşünürsünüz?

- Məncə də, yüz faiz qayda pozuntusudur. Hakimlikdən danışanda deyirlər ki, baş məşqçi bəhanə axtarır. Hakim dedi ki, VAR-da baxdıq, top Brlajdi Pusinin əlinə dəyib. Bundan başqa da bir neçə epizod oldu. Bir tərəfdən xoşdur ki, "Qarabağ"la oyunlarda belə sərt mübarizələrə imkan verirlər. Amma son dəqiqədə belə qol buraxmaq çətindir. İkinci dövrədə hakim səhvləri bizə çox təsir edib. Bu gün tam başqa olaylar ola bilərdi. Bunu  da keçməliyik.

- Sizcə, hakimliyin səviyyəsi budur, yoxsa hansısa komandalara komek edirlər?

- Komandalara işləyirlər sözü ağır olar. Amma görünən odur ki, hakimlər bu il yükü daşıya bilmədilər. Hamıya aid deyil, yaxşı hakimlərimiz də var. Amma nəticəyə təsir edən səhvlər çox oldu. Onlar da inkişaf etməlidir. Eşitdiyimə görə, çempionatda komanda sayının atmamasının səbəblərindən biri də hakimlərin az olmasıdır. Bu mövqedə də iş getməlidir.

- Komandadan neçə nəfər gedəcək?

- Çalışacağıq ki, 4-5 transfer edək. Gedənlərlə bağlı yüz faiz qərar verməmişik. Son oyundan sonra fikirləşəcəm. Bir futbolçu var ki, bu gün yaxşı mənada fikrimi dəyişdi. Məşqçilikdə belə şeylər var.

0