Ayxan Cabbarov: "Əminəm ki, gec-tez Azərbaycanın əsas millisində oynayacam"
05.02.2024 - 21:47
Ayxan Cabbarov: "Əminəm ki, gec-tez Azərbaycanın əsas millisində oynayacam"

Karyerasını İsveçdə davam etdirən Ayxan Cabbarov apasport.az saytına müsahibə verib. Son olaraq "Savedalens"də çıxış etmiş yarımmüdafiəçi yeni komandaya keçməyə hazırlaşır.

- Son olaraq "Savedalens"də oyanmışdın? İndi vəziyyət necədir?

- Bəli, son olaraq "Savedalens"də oynamışdım. Bu komandada ən yaxşı üçün çalışırdım. Artıq bu klubla müqaviləm başa çatdı. İndi yeni komandaya keçə bilərəm. Görək də, necə olacaq.

- Səni istəyən komandalar yəqin ki, var. Səni yeni komandada görəcəyik?

- Bəli, bu baş verə bilər. İndi bəzi komandalarla danışıq aparırıq. Lakin indidən konkret bir söz deyə bilməyəcəm. Çünki danışıqlar davam etdirilir. Necə olacağını yaxın günlərdə görəcəyik.

- Özün İsveçdə qalmaq istəyirsən?

- Digər ölkə klublarından da təklifim olub. Hətta Belçikadan da klublar məni istəyirdi. Sadəcə böyük ehtimalla İsveçdə qalacam. Elə indi də bu ölkədən klubla danışıq aparırıq. Bu ölkənin dilini bilirəm, İsveç futboluna öyrəşmişəm. Böyük ehtimalla elə İsveçdə qalacam.

- Maraqlıdır, Azərbaycan klublarından necə təklif almısan?

- Azərbaycanda böyük klublardan biri mənimlə maraqlanırdı. Amma düzü, dediyim kimi, konkret heç nə yoxdur. Təbii ki, nə vaxtsa Azərbaycanda da oynamaq istəyərəm. Zaman həri şeyi göstərəcək.

- Hazırda İsveçdə səninlə yanaşı Musa Qurbanlı da futbol oynayır. Onun "Yurqorden"dəki perspektivini necə dəyərləndirirsən?

- Musaya uğurlar arzulayıram. "Yurqorden" İsveçin ən yaxşı komandalarındandır. Ümidvaram ki, o da özünü göstərəcək, hər şey Musa üçün yaxşı alınacaq. Fikrimcə, yaxşı başlamışdı. Yeni sezondan da İsveçdə qollarını vuracağına inanıram.

- Yəqin ki, millidə də oynamaq niyyətindədəsən...

- Bəli, mən əminəm ki, gec-tez Azərbaycanın əsas millisində oynayacam. Özümə çox inanıram. İsveçdə də daim oynayacam. Millidən nə vaxt dəvət gələrsə, buna hazıram. Azərbaycan millisinə də güc qata bilərəm. Tam əminəm. Sadəcə zamanı var. Vaxtı gəldikdə, Azərbaycanın əsas millisində debüt edəcəm. İndi isə klubla bağlı məsələlərə fokuslanmışam. Yeni komandam bilinsin, sonrasına baxarıq.

0