Azər Bağırov: "Həm kubok, həm çempionatda oynamaq çətindir"
05.02.2024 - 17:39
Azər Bağırov: "Həm kubok, həm çempionatda oynamaq çətindir"

Futbol üzrə Azərbaycan Premyer Liqasında 21-ci turun son matçında "Kəpəz" "Araz-Naxçıvan"la qarşılaşıb. 

Apasport.az xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında 3:1 hesabı ilə məğlub olduqları oyunu şərh edib. 39 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb. 

- Rəqibi təbrik edirəm. Həm kubok, həm çempionatda oynamaq çətindir. Oyun barədə çox şey demək istəmirəm. İki standard vəziyyətdən qol buraxdıq. Oyunun əvvəlində qol epizodlarını dəyərləndirə bilmədik. Əsas problem budur.

- Ən zəif oyununuzu keçirdiyinizi demək olar?

- İlk 20 dəqiqədə yox, amma ondan sonra demək olar. Yorğunluq öz təsirini göstərir. Mənim üçün ən zəif oyunumuz idi.

- İki müdafiəçinin olmaması oyununuza təsir etdi?

- Abdulla Rzayevin köhnə zədəsi var. Amma İqor Rodriqes qripə yoluxub. İki əsas heyət oyunçusunun olmaması təsir edir.

- Orxan Əliyevin erkən əvəzlənməsinin səbəbi nə idi?

- Orxan və İsmail Azzauinin zədələnməsindən ehtiyat etdik. Ehtiyat oyunçular skamyası geniş deyil. Rotasiyalar edə bilmirik. Qarşıda çətin oyunlar var. Ona görə ehtiyat etdik.

0