Azərbaycan çempionundan ikinci qələbə
24.08.2023 - 16:42
Azərbaycan çempionundan ikinci qələbə

Futzal üzrə Çempionlar Liqasında mübarizə aparan “Araz-Naxçıvan” turnirdə növbəti oyununu keçirib. 

Apasport.az saytının məlumatına görə, təmsilçimiz Latviyada təşkil olunan ilkin mərhələnin II turunun matçına çıxıb.

Azərbaycan çempionu Almaniyanın “Yan Reqensburq” klubu ilə üz-üzə gəlib. Dünən baş tutan ilk turda Türkiyə təmsilçisi “İstanbul Şişli”ni 9:1 hesabı ilə məğlub edən “Araz-Naxçıvan” yenə azarkeşlərini sevindirib.

Təmsilçimiz favoriti olduğu görüşdə yenə asan qələbə qazanıb. Artıq ilk hissədə üç cavabsız qol vuran “Araz-Naxçıvan” fasilədən sonra fərqi daha da artırıb. 

Naxçıvanlılar yekunda 5:0 hesablı qələbə qazanıb. Bu qarşılaşmada Lukas, Erik, Xəzər Ağalızadə, İsa Atayev və Xətai Bağırov qol sevinci yaşayıb.

Qeyd edək ki, qrupda son oyununu avqustun 26-da keçirəcək Azərbaycan çempionunun rəqibi Latviyanın “Riqa” klubu olacaq.

0