Azərbaycan çempionunun hücumçusu: “Hədəfə doğru irəliləmək istəyirik”
24.08.2023 - 10:36
Azərbaycan çempionunun hücumçusu: “Hədəfə doğru irəliləmək istəyirik”

“İstənilən turnirdə qrupun ilk oyunu çətin keçir. Bu gün böyükhesablı qələbə qazansaq da, bunu hiss etdik”. 

Apasport.az saytının məlumatına görə, bu sözləri “Araz-Naxçıvan”ın hücumçusu İsa Atayev deyib.

Futzal üzrə Çempionlar Liqasının ilk matçında Türkiyənin “İstanbul Şişli” komandası ilə qarşılaşan təmsilçimiz böyükhesablı qələbə qazanıb. Hesabda üstünlüyün əldə olunmasında pay sahibi olan Atayev dubl edib. O, xüsusilə özünün vurduğu birinci qolla diqqət çəkib. Qapıçının başı üzərindən topu tora qovuşduran hücumçu azfutzal.az saytına açıqlamasında təəssüratlarını bu cür ifadə edib: “Epizod zamanı çox rahat idim. Soyuqqanlı şəkildə topu qapıçının başı üzərindən atdım. Baxımlı bir qol alındı”.

İsa bu gün qarşılaşacaqları “Yan Reqensburq” haqda da danışıb: “Almaniya çempionu düşünüldüyü qədər də zəif rəqib deyil. Bu gün onlar da ilk oyununu keçirdilər. Rəqibləri liderliyə iddialı “Riqa” komandası idi. Hesabı açdılar və matçın başa çatmasına 6 dəqiqə qalana qədər üstünlüklərini qorudular. Sonda gücləri çatmadı. Əsasən müdafiəyə diqqət yetirir, əks-hücumlar zamanı qol vurmağa çalışırlar. Əlbəttə, diqqətli olmalı, hər fürsəti dəyərləndirməliyik. Qələbə qazanmaq və hədəfə doğru irəliləmək istəyirik”.

Qeyd edək ki, “Araz-Naxçıvan” 9:1 hesabı jlə qalib gəlib.

0