Azərbaycan idmançıları İslamiadada 5 növdə qüvvələrini sınayacaqlar
10.11.2025 - 09:22
Azərbaycan idmançıları İslamiadada 5 növdə qüvvələrini sınayacaqlar

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında bu gün Azərbaycan idmançıları 5 idman növündə mübarizəyə qoşulacaqlar.

Apasport.az xəbər verir ki, üzgüçülük yarışlarında ölkəmizi Məryəm Cavadova, Abdurrahman Rüstəmov, Anastasiya Boborıkina, Eqor Maynitskiy, Ramil Vəlizadə, Vlastilina Xasyauova və Mehri Əbdurəhmanlı, həmçinin 2 qız və 2 oğlandan ibarət qarışıq komanda təmsil edəcək.

Stolüstü tennis üzrə qadınlardan ibarət milli komandamız yarımfinal mərhələsində Misir yığması ilə üz-üzə gələcək. Cüdo yığmamız isə 1/4 finalda meydan sahibi Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.

Ağırlıqqaldırmada Azərbaycanı 79 kq çəki dərəcəsində çıxış edən Ravin Alməmmədov təmsil edəcək və o, yarışa qrup mərhələsindən başlayacaq.

Boks üzrə dörd idmançımız bu gün final döyüşünə çıxacaq. Nərgiz Zeynalova (54 kq) türkiyəli Ayşen Taşkinlə, Səidcəmşid Cəfərov (80 kq) digər türkiyəli rəqib Sultan Osmanlı ilə, Aynur Mikayılova (57 kq) özbəkistanlı Khumorabonu Mamajonova ilə, Məhəmmədəli Qasımzadə (60 kq) isə Madiyar Daniyarovla (Özbəkistan) qızıl medal uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, noyabrın 21-də başa çatacaq İslam Həmrəyliyi Oyunlarında Azərbaycan təmsilçiləri indiyədək 17 medal – 2 qızıl, 3 gümüş və 12 bürünc qazanıblar. Hazırda ölkəmiz ümumi medal sıralamasında altıncı yerdə qərarlaşıb.