“Azərbaycana qayıtmalı olsam, prioritetim “Neftçi”dir” – Müsahibə
08.02.2024 - 23:40
“Azərbaycana qayıtmalı olsam, prioritetim “Neftçi”dir” – Müsahibə

“Neftçi”nin sabiq futbolçusu Roman Bask apasport.az saytına müsahibə verib. Hazırda Fransada "Versal" klubunda oynayan yarımmüdafiəçi Azərbaycandan ayrılmasına aydınlıq gətirib.

- Hazırda karyeran necə gedir? Hər şey səni razı salır?
- Karyeram çox yaxşı gedir. Mən ailəmə yaxın, əla infrastruktura malik klubda oynayıram. İstədiyim də elə budur. Öz oyunumu yenidən tapdım və hər şeydən önəmlisi odur ki, əylənirəm.

- Vaxtında böyük ümidlərlə “Neftçi”yə transfer olunmuşdun. Amma bu klubda qalası olmadın. Səbəb yalnız ailə problemləri idi?
- Bəli, elədir ki, var. Bunu bir neçə dəfə demişəm, yenə təkrar edirəm. Yeni doğulan qızım üçün Fransaya qayıtmalı idim. O, isə mənim ilk övladım idi. Onu cəmi 3 gün görmüşdüm, sonra uzun müddət görmədim. Mən dekabrda qayıdanda isə artıq üç ay keçmişdi və o çox böyümüşdü. Bütün bunlara görə geri qayıtmağı seçdim. Başqa heç bir problem yox idi.

- “Neftçi”də qalmadığın üçün peşmansan? Hər halda, qala bilərdin...
- “Neftçi”də bütün keyfiyyətlərimi, nəyə qadir olduğumu göstərməməyimdən məyus oldum. “Neftçi” mənim ölkə xaricindəki ilk klubum idi. Bu, hələ də elə olaraq qalır. Azərbaycana qayıtmalı olsam, prioritetim “Neftçi”dir. 

- Maraqlıdır, sonradan “Neftçi”yə qayıtmaq imkanın var idi, yoxsa bir daha belə təklif almadın?
- Xeyr, “Neftçi”dən ayrıldıqdan sonra heç vaxt təklif almamışam. Amma dönüş haqda menecerimlə danışmalıyam. Görək, o nə deyir.

- Bildiyimə görə, “Zirə”dən təklif almısan. Doğrudurmu? Niyə ora getmədin?
- Xeyr, “Zirə” ilə danışıq aparmamışdım. Hətta yayda klubsuz qalanda belə. Klub mənimlə danışıq aparmamışdı. 

-  “Neftçi”də çıxış edəndə baş məşqçi Samir Abasov idi. Hələ də onunla danışırsan? Hazırda “Sumqayıt”ın baş məşqçisidir. Heç “Sumqayıt”a dəvət almısınız?
- Samir Abasovla çox yaxşı əlaqəmiz var. Mənim getməyim onun günahı deyil. Onun əvvəl və indiki klubu ilə gördüyü işlərə baxın. Buna görə də onu təbrik etmək istəyirəm. Onunla münasibətimiz yaxşıdır.

-  “Neftçi”də çıxış edəndə, komanda Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının təsnifat mərhələsində iştirak etdi. Amma heç bir turnirdə qrup mərhələsinə vəsiqə qazana bilmədi…
- Komanda qurulur, hər gün yeni oyunçu gəlir. “Olimpiakos”a qarşı oynamaq asan deyildi. İki dəfə uduzduq. Futbol elədir ki, sadəcə həmin il üzümüzə gülmədi. 

- “Neftçi”də hansı oyunu daha çox xatırlayırsan? Hansı qarşılaşma sənin üçün unudulmaz oldu?
- Azərbaycan çempionatında çətin olan bir rəqiblə ildə 4 dəfə oynamaqdır. “Neftçi” böyük klubdur və hər komanda “Neftçi”ni məğlub etmək istəyir, hər oyunda 100 faiz hazır olmalısan, əks halda çətindir. “Neftçi” ilə ən yaxşı xatirəm Avropa oyunlarıdır. 

- Hazırda Azərbaycanda çıxış edən futbolçular arasında vaxtilə Fransa liqasında iştirak edənlər də var. Onları tanıyırsan? Onlarla münasibətin varmı?
- Mən artıq Fransa çempionatında Yasin Benzia, Adama Diakabi, Ervin Koffi və Kasimir Ninqa kimi oyunçularla qarşılaşmışam. Lakin bu günə kimi onlarla əlaqəm olmayıb. Amma Azərbaycan çempionatını izləyirəm.

0