Azərbaycanın 5 boksçusu Avropa kubokunun yarımfinalında
13.10.2023 - 09:57
Azərbaycanın 5 boksçusu Avropa kubokunun yarımfinalında

Monteneqronun Budva şəhərində boks üzrə Avropa kuboku 1/4 final mərhələsinə yekun vurulub. 

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidməti açıqlayıb.

Azərbaycan millisinin daha 2 üzvü yarımfinala yüksəlib. Tayfur Əliyev (60 kq) Cuzeppe Kanonikonun (İtaliya) ardınca gücünü Rusiyanı təmsil edən Arşak Tovmasyana da göstərib. Boksçumuz erməni əsilli rəqibini 4:3 hesabı ilə məğlub edərək, yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda fransalı üçqat dünya çempionu Sofyan Umia ilə döyüşəcək.

Tayfurun uğurunu qardaşı Sərxan Əliyev (71 kq) də təkrarlayıb. 1/8 finalda Toni Cası (İBAN) mübarizədən kənarlaşdıran boksçumuz ikinci döyüşündə Miroslav Kapulerlə (İsrail) üz-üzə gəlib. Sərxan döyüşün taleyini ilk raundda həll edərək, görüşü tam üstünlüklə aktivinə yazıb. O, yarımfinalda polşalı Damian Durkajla üz-üzə gələcək.

Hər 2 boksçu yarımfinala yüksəlməklə, özləri üçün ən azı bürünc medalı da təmin edib.

Qeyd edək ki, Əliyev qardaşları ilə bərabər, Azərbaycan millisinin daha 3 boksçusu final üçün döyüşəcək. Tural Sarıyev (48 kq) yarımfinalda Artiş Soyanla (Rusiya), Malik Həsənov (63,5 kq) Ahmat Ştivi (İsrail) ilə, Mirşərif Kazımzadə (75 kq) Cambulat Bijamovla (Rusiya) qarşılaşacaq.
 

0