Azərbaycan Üzgüçülük Federasiyası ilə Belarus Üzgüçülük Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.
Apasport.az xəbər verir ki, sənəd iki ölkə arasında üzgüçülük idmanının inkişafı, qarşılıqlı əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin gücləndirilməsini nəzərdə tutur.
Memoranduma əsasən, tərəflər üzgüçülüyün inkişafı və təbliği, idmançıların, məşqçilərin və hakimlərin peşəkarlıq səviyyəsinin artırılması, birgə təlim-məşq toplanışlarının və yarışların təşkili istiqamətlərində əməkdaşlıq edəcəklər.
Sənəddə metodiki materialların və təcrübənin mübadiləsi, uşaq və gənclər arasında üzgüçülüyün təşviqi, eləcə də bu idman növünün daha geniş auditoriyaya tanıdılması məsələləri də əksini tapıb.
Əməkdaşlıq çərçivəsində idmançıların hazırlıq prosesinin təkmilləşdirilməsi, məşqçi və hakimlərin bilik və bacarıqlarının artırılması, hər iki federasiyanın təcrübəsindən qarşılıqlı faydalanmaq məqsədilə bir sıra təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, memorandumun imzalanması Azərbaycan və Belarus arasında üzgüçülük sahəsində əlaqələrin möhkəmləndirilməsinə və beynəlxalq idman əməkdaşlığının genişləndirilməsinə xidmət edəcək.