Bakıda Novruz bayramına həsr olunan tədbir keçirilib
18.03.2024 - 22:20
Bakıda Novruz bayramına həsr olunan tədbir keçirilib

Martın 18-də Milli Olimpiya Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində media nümayəndələri arasında pnevmatik idman tapançasından 10 metr məsafəyə atəşaçma üzrə yarış keçirilib.

Apasport.az xəbər verir ki, Novruz bayramına həsr olunmuş turnirin açılış mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftaxetdinova, Olimpiya, dünya və Avropa çempionları ilə yanaşı, tanınmış idmançılar da iştirak ediblər.

Mərasimdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə turnirin əhəmiyyətindən danışaraq, müxtəlif media qurumlarında çalışan jurnalistlərin bir araya gəldiyini bildirib.

"Əvvəllər biz bu cür yarışları şahmat və dama üzrə təşkil edirdik. Amma qərara aldıq ki, budəfəki yarışı güllə atıcılığı üzrə keçirək. Həyat bizə göstərdi ki, bizim çətin anlarımızda Vətənin müdafiəsinə qəhrəman əsgərlərimizlə bərabər media nümayəndələrimiz də qoşulurlar. 2020-ci ildə 44 günlük Vətən müharibəsində və ikinci Qarabağ müharibəsindən sonrakı hərbi əməliyyatlarda media nümayəndələrimizi hərbçilərimizin yanında görmüşük. Bu yarışda iştirak edən media nümayəndələrimiz də çoxdur. Biz istəyirik ki, gələcəkdə bu yarış ənənəvi xarakter alsın və hər il Novruz bayramı ərəfəsində Azərbaycanın idman mediasının nümayəndələri ilə görüşək. Bu işdə bizə dəstək olan Azərbaycan Atıcılıq Federasiyasının rəhbərliyinə və digər şəxslərə minnətdarlığımı bildirirəm. Bu tədbirdə bizim məşhur idmançılarımız da iştirak edirlər. Onlar idmanın müxtəlif növləri ilə məşğul olub və böyük nəticələr əldə ediblər və bu gün jurnalistlərə dəstək olmağa gəliblər. Bayram münasibəti ilə hər birinizi təbrik edir və yarış iştirakçılarına uğurlar arzulayıram. Qoy, güclü qalib gəlsin", - deyə Çingiz Hüseynzadə bildirib.

0