Bəxtiyar Musayev: “Kuboku qazanmaq “Neftçi” üçün çətin olacaq”
29.01.2024 - 20:59
Bəxtiyar Musayev: “Kuboku qazanmaq “Neftçi” üçün çətin olacaq”

Futbol mütəxəssisi Bəxtiyar Musayev apasport.az saytına müsahibə verib.

- Fasilədən sonra “Neftçi” “Sabah”la (1:1) qarşılaşdı. Bu matçda “Neftçi”nin performansını necə dəyərləndirirsiz? Miodraq Bojoviçin rəhbərlik etdiyi kollektiv Adrian Mutunun “Neftçi”sindən çox fərqlənirdi?

- “Neftçi”nin “Sabah”la matçında dinamika var idi, amma texniki səhvlər çox idi. Bu da başadüşüləndir. Üçüncü dövrəyə yeni start verilib. Gələcək matçlarda futbolçularda texniki keyfiyyətlər bir az üst səviyyədə olacaq. “Neftçi”də yeni baş məşqçinin gəlişindən sonra oyun planında mühüm, böyük dəyişiklik çox da qabarıq hiss edilmədi. Amma futbolçularda istək var idi. Meydanın hər qarışı uğrunda mübarizə aparırdılar. Ancaq “Neftçi”nin yeni baş məşqçisi ilə hansı oyun üslubunda olmasını, Adrian Mutudan necə fərqləndiyini bir neçə turdan sonra demək olar.

- “Neftçi” Aaron Olanare ilə yollarını ayırdı. Kenni Sayef də gedib. Səncə, gedənlər “Neftçi” üçün itkidir və yenə klubdan getməli oyunçular var?

- Bəli, Sayef və Olanare getdi. Mən bu futbolçuların gedişini itki hesab etmirəm. Əsasən də, Aaronun gedişini. Düzdür, bəzi oyunlarda qol vurdu. Amma heç bir xüsusi keyfiyyəti ilə fərqlənmədi. Kenni Sayef də gücə güc qatmırdı. Onların gedişini “Neftçi” üçün itki saymıram. Getməli oyunçular məsələsinə gəlincə, baxır, komandanın hədəfi nədir? Əgər çempionluq uğrunda mübarizə aparan komanda qurmaq istəyirlərsə, “Neftçi”də heyət baxımından böyük dəyişikliklər olmalıdır. Hətta deyərdim ki, 50-60 faizdən artıq futbolçular komandadan göndərilməlidir. Yox, indiki liqada mükafatçılar sırasına düşmək üçün oynamaq istəyirsə, “Neftçi” ən azından liqanı ikinci pillədə başa vurmağa borcludur.

- “Neftçi” ÇSKA (Sofiya) klubundan “Brayan Moreno” və “Lokomotiv” (Plovdiv) klubundan Alfa Konteni transfer edib. Konte artıq debüt etdi, "Sabah"a qarşı oynadı. Onunla bağlı nə düşünürsən?

- Alfa Konte artıq meydana çıxdı. Meydanda 8-10 dəqiqə oldu. Buna görə də, onun haqda geniş fikir bildirmək doğru olmaz. Məni maraqlandıran odur ki, həmin mövqedə Kilan Lebon və Reziuan Mirzov var idi. Amma Konteni də gətirdilər, üçüncü futbolçunu da aldılar. Bu, mənim üçün qəribə gəldi. Ümid edirəm ki, “Neftçi” üçün faydalı olar. Onun oyununu yaxından izləmədiyimə görə bir söz deyə bilmərəm.

- “Neftçi”nin mövsümü hansı pillədə, kubokda hansı nəticəni göstərəcəyini düşünürsən?

- Rəhbərlik də açıqlamışdı ki, “Neftçi”yə yeni gələn baş məşqçinin qarşısına hədəf qoyulub. Həm kuboku qazanmalıdır, həm də sezonu ikinci sırada başa vurmalıdır. Məncə, “Neftçi” mövsümü ikinci pillədə başa vurmağın öhdəsindən gələ bilər, gəlməlidir də. Ən azından mövsümü ikinci pillədə başa vurmalıdır. Çünki “Neftçi”nin büdcəsi, şəraiti digər komandalara baxanda, xeyli fərqlənir. Bu büdcə ilə çempionluq uğrunda mübarizə aparmalı olduqları halda, “Qarabağ”dan xeyli xal geridə qalırlar. Amma, məncə, ikinci pillədə yer almağa borcludurlar. Kuboka gəldikdə, “Neftçi” üçün çətin olacaq. Çünki orada “Qarabağ” kimi rəqib var. Hətta “Sabah” da oradadır. Kuboku qazanmaq “Neftçi” üçün çox çətin olacaq. İnandırıcı gəlmir ki, onlar kuboku qazansın.

- "Neftçi" üçün ən maraqlı və ürəkaçan məqam Rza Cəfərovun əsas qapıçıya çevrilməsidir. Onun barəsində hansı fikirdəsən? Səncə, gələcəkdə “Neftçi”nin və millinin əsas qolkiperi ola bilər?

- Bəli, sevindirici hal odur ki, “Neftçi”də gənc qolkiper Rza Cəfərov dayanır. Neçə oyundur start heyətində qapını qoruyur. Ancaq gələcəkdə millinin əsas qapıçısı olmaq üçün öz üzərində çox çalışmalıdır. İnamlı çıxışları var. Bu da bizi sevindirir. Bəzən səhvləri də olur. Onun üçün də daim öz üzərində işləməlidir ki, gələcəkdə daha parlaq karyeraya malik olsun və Azərbaycan millisinə qədər yüksəlsin.

0