Bəxtiyar Musayev: “Qarabağ” bunu mütləq etməlidir, deyə bilmərəm” - MÜSAHİBƏ
24.06.2023 - 14:44
Bəxtiyar Musayev: “Qarabağ” bunu mütləq etməlidir, deyə bilmərəm” - MÜSAHİBƏ

Azərbaycan millisinin və “Neftçi”nin veteran futbolçusu Bəxtiyar Musayevin apasport.az saytına müsahibəsi

- “Qarabağ” Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Linkoln”la qarşılaşacaq. Səncə, onların bəxti gətirdi?
- Püşkatmada bəxtimiz gətirdi. Çünki daha ciddi rəqib də düşə bilərdi. Bu cür rəqiblə ilk turu başlamaq daha münasibdir. Bilirik ki, yay hazırlıq dövründən sonra klublar istər-istəməz 100 faiz hazırlıqlı olmurlar. Ona görə də, püşkatmada rəqib vacib idi. Belə rəqibin düşməsi çox yaxşı oldu. Çünki komanda həmin dönəmdə 100 faiz hazır olmur. Getdikdə formasını daha da bərpa edir. Püşkdə bəxtimizin gətirdiyini düşünürəm. İnanıram ki, "Qarabağ" heç bir maneə olmadan rəqibini keçəcək.

- Bu sədd keçilsə ,"Qarabağ" növbəti mərhələdə Polşa çempionu "Rakov"la üz-üzə gələ bilər. “Qarabağ” polyaklar üçün başağrısı olsa da, bu rəqib güclü hesab edilir...
- Bəli, "Rakov"la da qarşılaşa bilərik. İkinci mərhələdə daha da münasib rəqib düşə bilərdi. Bəxtimizə bu çıxdı. Yəni, “Flora” ilə görüşdən qalib çıxsalar, bu, baş verəcək. Artıq püşkatma oldu. Ümid edək ki, ilk mərhələni keçəcəyik və ikinci mərhələdə də "Qarabağ" üzümüzü güldürər. Ağdam təmsilçisinin Polşa komandaları üzərində qələbəsi olsa da, hər halda "Rakov" ölkə çempionudur. Onlarda ciddi və normal çempionat gedir. Hər halda, "Qarabağ"ın yoluna davam edəcəyinə inanıram. 

- Ötən il yoxlama görüşündə “Qarabağ” “Rakov”a 0:3 uduzmuşdu. Bu, göstəricidir?
- Səhv etmirəmsə, bu matç qış hazırlıq dönəmində baş tutmuşdu. Yoldaşlıq görüşüdür, sınaqdan bir çox şeylər keçirilir. Sırf 100 faiz göstərici ola bilməz ki, uduzduqsa, demək ki, onlardan zəifik. Ancaq müəyyən mənada fikir də yaranır ki, "Rakov" ciddi komandadır. Yoldaşlıq görüşü olsa da, 0:3 uduzmuşuq, bu da "Rakov"un ciddi rəqib olduğundan xəbər verir. 100 faiz göstərici deyil, amma rəqibin gücünü bizə göstərir.

- "Qarabağ"ın bu mövsüm qruplara qalmaq şanslarını necə dəyərləndirirsən?
- Könül istərdi ki, "Qarabağ" bu mövsüm Çempionlar Liqasının qrupuna düşsün. Çünki onlar bizi yaxşı mənada hər il o qədər təəccübləndirir ki, ÇL-də qrupa düşsələr, möcüzə və ya sensasiya sayılmaz. Görülən böyük işlər var. "Qarabağ" çərçivədən çox-çox üstün futbol sərgiləyir. Çempionatımız Avropa liqalarına baxanda güclü olmasa da, "Qarabağ" oyun stilini saxlayır, gücünü göstərir. Son illərdə Avropada ümumiyyətlə, hər rəqiblə evdə və səfərdə çox layiqli mübarizə aparır. Komandamızı bu mövsüm ÇL-in qrupunda görmək istəyərdik. Bunu mütləq etməlidirlər, borcludurlar, bunu da deyə bilmərəm. Çünki rəqiblərin nə qədər ciddi olduğunu, hansı liqalardan gəldiklərini də bilirik. Hər halda, düşsələr də, möcüzə sayılmaz. "Qarabağ" onsuzda əla işlər görür.

- Laurentsiu Regekampf postundan göndərildi, Neftçi onunla yoluna davam etmədi. Bu haqda fikrin necədir?  
- Regekampfın "Neftçi"dəki ilk oyunlarında, Konfrans Liqasının təsnifat görüşlərində əskiklərini görürdüm. İstər oyun sxemində, istər oyunçu seçimində, istərsə də oyunçuların meydanda düzülüşündə bunu görmək mümkün idi. İlk andan onunla bağlı sözümü demişdim ki, bu məşqçi ilə böyük işlər görmək mümkün olmayacaq. Sözüm də təsdiqini tapdı. "Neftçi" özünə yaraşmayan sezon keçirdi, titulsuz qaldı. Regekampfın böyük nəticə əldə edə bilməyəcəyini özümdə müəyyənləşdirmişdim. Bu da göstərdiyi oyundan görünürdü. Heyətin qurulmasında səhvlər var idi, oyuna müdaxiləsi demək olar ki, yox olmurdu, oyunu çevirəcək, müdaxilə edə biləcək qabiliyyəti olmaması sezilirdi. Təəssüflər olsun ki, sonda da komanda titulsuz qaldı.

- Bir müddət öndə Sərgən Yalnıç adı “Neftçi” ilə çəklilirdi. Ümumiyyətlə, o, “Neftçi”yə kömək edəcək məşqçidir? 
- Son vaxtlar Türkiyə futbolu ilə lap ciddi maraqlanmadığıma görə, Sərgən Yalçının işinə yaxından bələd olmadığım üçün uğur qazana bilər, ya yox, deyə bilmərəm. Onunla bağlı müəyyən təəssüratım var. Amma məşqçilik dönəmində oynatdığı futbola çox baxmadığıma görə, işini təhlil edib deyə bilmərəm ki, hansı futbola üstünlük verib, oyuna müdaxilələri necə olub, heyət qurmaqda yanlışları olub, ya yox. Ona görə də, ciddi araşdırma aparmadığım üçün, işini yaxından tanımadığıma görə onun haqda nəsə söz deyə bilmərəm.  

- Türkiyəli məşqçilər indiyə qədər Azərbaycanda uğur qazana bilməyib. Bunu nə ilə əlaqələndirirsən? Ola bilər ki, futbolumuza ciddi yanaşmırlar? 
- Dəqiqliyi ilə bir şey deyə bilmərəm. Amma fakt odur ki, Azərbaycan klubunda böyük iş görməklə, gözqamaşdırıcı nəticələri olmayıb. Ümid edək ki, gələcək illərdə hansısa türkiyəli mütəxəssis çox gözəl nəticə qazandırar. Çünki bizə qardaş dövlət, qardaş millətdir. Çox istəyərdim ki, onların Azərbaycan futbolunda uğur imzası olsun. Lakin hələ böyük nəticə əldə edilməyib. Ümid edək ki, gələcək illərdə türkiyəli mütəxəssislərin də bizə böyük faydası dəyər.

0