Bəxtiyar Musayev: “Sabah" yaranandan bəri əlcək kimi məşqçi dəyişib”
04.02.2024 - 19:53
Bəxtiyar Musayev: “Sabah" yaranandan bəri əlcək kimi məşqçi dəyişib”

Bildiyiniz kimi, "Sabah"ın baş məşqçisi Murad Musayev istefa verib. 

Apasport.az saytı xəbər verir ki, rusiyalı mütəxəssisin istefası ölkə futbolunda birmənalı qarşılanmayıb. 

Veteran futbolçularımızdan olan Bəxtiyar Musayev "bayquşlar"ın cəbhəsindəki istefa haqqında bunları deyib: 

"Murad Musayevin istefa verib getməsi mənim üçün gözlənilməz oldu. Çünki o, ölkəmizə gələn faydalı əcnəbi mütəxəssislərdən idi. Gəlin, "Sabah"ın yaranmasına nəzər salaq. Komanda yaranandan bu yana əlcək dəyişən kimi baş məşqçiləri dəyişib, yola salıb. Onların hər biri uğursuzluğuyla diqqət çəkib və kluba heç bir fayda verməyib. Amma Murad Musayev gələndən sonra "Sabah" cəbhəsində bir canlanma oldu. Ötən mövsümdə də komanda vitse-çempion olmaqla avrokuboklara getdi, mərhələ keçdi. Qısası Konfrans Liqasında debütü yaxşı alındı. Odur ki, Masazır təmsilçisinə 2 yöndən yanaşıb qiymətləndirmək lazımdı: 

1. Murad Musayevə qədərki "Sabah";

2. Murad Musayevli "Sabah". 

Bu 2 prizmadan yanaşanda aşkar şəkildə görsənir ki, komanda nə vaxt yüksəlişə doğru addımladı. Klubun içində deyiləm. Ona görə deyə bilmərəm Murad Musayev istefa verəndə rəhbərlik onu niyə belə rahatlıqla qəbul etdi və ya onu saxlamaq üçün niyə addımlar atmadı. İstənilən halda Murad Musayevə bundan sonrakı karyerasında da uğurlar arzu edirəm. O, ölkəmizə gələn ən yaxşı əcnəbi baş məşqçilərdən idi. Kaş ki, Azərbaycana həmişə belə mütəxəssislər gəlsin".

"Neftçi"nin sabiq futbolçusu "Sabah"ın builki qeyri-stabil çıxışı və uğursuz transfer siyasətindən də danışdı: 

"Sabah" cari çempionata uğurlu başlamadı. Qeyri-stabil çıxışıyla diqqət çəkdi. Buna komandanın Kaşuk ilə Mikels kimi aparıcı oyunçularının gedişi də təsir etdi. Onların yerinə çoxsaylı transferlər gəlsə də, boşluğu doldura bilmədilər. Buna rəğmən Masazır təmsilçisi üçün hər şey bitdi demək olmazdı. Çünki "bayquşlar"la 2-3-cü yerlərin sahibləri arasında xal fərqi böyük deyildi və klub avrokuboklara getmək şansını saxlayırdı. Həmçinin komanda qış fasiləsindən sonra çempionata pis qoşulmamışdı. "Neftçi"ylə heç-heçə, "Zirə" üzərində qələbəni demək lazımdır. Sadəcə "Qarabağ"a böyükhesablı məğlubiyyət komandanın sükanı arxasını vakant etdi. Bundan sonra "Sabah" rəhbərliyinin kimi baş məşqçi gətirəcəyini deyə bilmərəm. Amma reallıq odur ki, yeni gələcək mütəxəssisin oyun fəlsələfəsini komandaya aşılamağı vaxt aparacaq". 

Abdulla İsmayıloğlu

0