Böyükağa Ağayev: “Qarabağ”a inam böyükdür”
23.08.2023 - 17:32
Böyükağa Ağayev: “Qarabağ”a inam böyükdür”

“Qarabağ”ın sabiq baş məşqçisi Böyükağa Ağayevin apasport.az saytına müsahibəsi

- “Qarabağ” “Araz Naxçıvan”la matçda qələbə qazanmağı bacardı. Amma bu çətin alındı. Belə olacağını ehtimal edirdiz?
- “Qarabağ”la matça çıxan hər bir komanda böyük motivasiyaya sahib olur. “Araz Naxçıvan” da motivasiyalı və istəkli idi, bu hiss edilirdi. Yaxşı da mübarizə apardılar. Qurban Qurbanov sonradan meydana əsas oyunçuları daxil etdi və onlar həlledici rol oynadı. Amma vaxt az idi. “Zirə” ilə görüşdə də belə olmuşdu. Meydana əsas oyunçular buraxılmışdı. Sadəcə vaxt az idi. Hər halda, Qurban Qurbanov da az oynayanlara imkan yaradır. 

- “Qarabağ”ın bu mövsüm də Premyer Liqada çempionluğa əsas namizəd olduğu aydındır. Sizcə, onlar bunu bacaracaq?
- Təbii ki, “Qarabağ” çempionluğa əsas namizəddir. Onlarla yanaşı, digər klublar da var, “Sabah”, “Neftçi”, “Zirə”. Bu komandalar da yaxşı nəticə üçün oynayacaq. Üstəlik, “Sumqayıt” da bu mövsüm keçirdiyi iki görüşü qazanıb. Asan olmayacağı dəqiqdir. Necə olacaq, zaman göstərəcək.

- Qurban Qurbanovun komandası Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Helsinki” səddini keçərək pley-off mərhələsinə vəsiqə qazandı. Yəqin ki, belə olacağını gözləyirdiz?
- Əlbəttə, “Qarabağ”dan hər zaman yaxşı nəticələr gözləyirik. “Helsinki”yə qarşı həm Bakıda, həm də Finlandiyada yaxşı oyun göstərdilər. Rəqib də elə-belə komanda deyil. Çünki yaxşı mübarizə aparırdılar. “Qarabağ” layiqli şəkildə rəqibinə qalib gələrək, növbəti mərhələyə vəsiqə qazandı.

- “Qarabağ” “Olimpiya” ilə qarşılaşacaq. Sloveniya klubunu keçə biləcəklər?
- “Olimpiya” ilə əvvəllər də oynayıblar. Onları keçmişdilər. İndi avrokuboklarda asan rəqib yoxdur. Çətin olacağı dəqiqdir. Lakin “Qarabağ”a inam böyükdür. Onlar oyundan-oyuna hər zaman daha yaxşı olur. Fikrimcə, “Qarabağ” Sloveniyada istədiyi nəticəni qazana biləcək. Komandanın yeni transferləri var və onların da adaptasiyası üçün zaman lazımdır. 

- Yeni transferlərdən Juninyo Vieyra son görüşlərdə qollarını vurur. Onun haqda hansı fikirdəsiz?
- Doğrudur, vurur. Onu Kadi Borgesin yerinə gətiriblər, məncə, daha yaxşı olması üçün zaman lazımdır. Kadinin daha yaxşı olduğunu düşünürəm. “Qarabağ” əvvəllər cinahlardan çox yaxşı hücumlar edirdi. Məncə, “Qarabağ”da əvvəlki kimi çox qol vurmaq, çox effektli hücumlar etmək alınmır. Amma zamanla düzələcəyini düşünürəm. Sol cinahda Abdullah Zubirlə Elvin Cəfərquliyevlə yaxşı anlaşır, hücumlar edir. Sağ cinahda isə sanki indi o yoxdur. Əvvəl Marko Veşoviçlə Ramil Şeydayev və ya Marko Veşoviçlə Kadi Borges o cinahda yaxşı hücumlar edirdi. Veşoviç də aqressivdir, istəklidir. İndi sağ cinahda həmin aqressivlik, istək yoxdur. Ümid edək ki, bundan sonra da olacaq.

- Adnrey Lunyov transferini necə qarşıladını? Şahruddin Məhəmmədəliyevin səhvlərindən sonra yəqin ki, qapıçı transferinin olacağını ehtimal edirdiz?
- Bilirsiz, Şahruddin yaxşı qolkiperdir. Amma kritik matçlar var ki, səhvlər edir. Bu isə komandanı mərhələlərdən edirdi. Hər halda, klub da pul qazanmaq, mərhələ adlamaq istəyir. Bu cür səhvlər edir, klub da qapıçı transfer etmək qərarına gəlir. Sadəcə bir məsələ var ki, Lunyov özü də uzun müddətdir oynamır. Son iki ildə cəmi 2 oyuna çıxıb. Necə olacaq, zaman göstərəcək. Ümid edək ki, hər şey yaxşı alınacaq və qapıçılar arasındakı rəqabət də yüksək olacaq. Hansı qapıçının oynayacağına isə məşqçilər korpusu qərar verəcək.

0