Branimir Subaşiç: “Azərbaycan millisi Belçika ilə görüşdə daha çoxuna layiq idi” - MÜSAHİBƏ
11.09.2023 - 14:28
Branimir Subaşiç: “Azərbaycan millisi Belçika ilə görüşdə daha çoxuna layiq idi” - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq forvardı Branimir Subaşiçin apasport.az saytına müsahibəsi

- Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika ilə görüşdə məğlub oldu. Sizcə, yığma daha çoxuna layiq idi?
- Bəli, matça tam baxdım. Azərbaycan rəqibinə qarşı layiqli mübarizə apardı. Halbuki, Belçika olduqca güclü komandadır. Hətta Azərbaycanın qol epizodları Belçikadan daha çox idi. Fikrimcə, millimiz bu görüşdən xal və xallarla da ayrılmağa yaxınlaşmışdı. Sadəcə, epizodlarımız qolla nəticələnmədi. Məncə, təcrübə öz sözünü dedi. 

- Millimizin hətta qələbə qazana biləcəyini də düşünürsüz?
- Məncə, mümkün idi. Axı, epizodlarımız rəqibdən daha çox idi. Renat Dadaşov, Emin Mahmudov, Ramil Şeydayev qola yaxın oldu. Məncə, onlardan yararlansaydıq, hər şey daha yaxşı alınardı. Təəssüf ki, yekun belə oldu. Amma yaxşı oynamağımız pozitiv idi.

- Hər halda, millimiz Belçikadan xal alsaydı, bunu ilk dəfə etmiş olmayacaqdı. Çünki vaxtı ilə 2011-ci ildə Bakıda onlarla bərabərə qalmışdıq. Bu oyunun iştirakçılarından biri də sənsən. Həmin oyunu necə xatırlayırsan?
- Bəli, 2011-ci ildə biz Belçika ilə bərabərə qalmışdıq. Həmin oyunu çox yaxşı xatırlayıram. Çünki unudulmaz, çətin, uğurlu və ağır oyun idi. O vaxtı da Belçika millisinin heyətində çox güclü futbolçular oynayırdı. Məncə, tarixinin ən yaxşı heyəti idi. Amma biz yaxşı oynamağı bacardıq və Bakıda onlara uduzmadıq. Həqiqətən xoş xatirələrlə yada salınacaq görüşdür. 

- Özü də 83-cü dəqiqədə meydana daxil oldun, 86-cı dəqiqədə isə Rauf Əliyev hesabı bərabərləşdirdi...
- Bəli, təbii ki, qol epizodu yadımdadır. Meydana daxil oldum və istəyim o idi ki, qol vuraq, xal qazanaq. Bunu bacardıq və Bakıda bir xal qazandıq. Qolumuz həqiqətən yaxşı alınmışdı, Qazaxıstana da oxşar qol vurduq. Mahir Şükürovla Rauf Əliyev bunu yaxşı bacarmışdı.

- Həmin vaxtı qrupda az xal qazanmamışdıq. İndi isə milli dörd turdan sonra cəmi bir xala malikdir. Səncə, İsveç və Avstriya ilə Bakıdakı, Belçika və Estoniya ilə isə səfər görüşlərindən xal götürə biləcəyik?
- Təbii ki, istədiyimiz daha yaxşı nəticələrin olmasıdır. Hər halda, hazırkı an üçün vəziyyət belədir, milli yalnız Estoniya ilə 1:1 edə bilib. Amma komandamızın uğurlu çıxışına inanıram. Əsas özünə və kollektivə inanmaqdır. Amma yaxşı komandamızın olduğunu düşünürəm. Sadəcə, zamana ehtiyac var.

0