Branimir Subaşiç: "Neftçi" Azərbaycanda bir nömrəli klub olmalıdır"
05.01.2025 - 19:18
Branimir Subaşiç: "Neftçi" Azərbaycanda bir nömrəli klub olmalıdır"

Azərbaycan millisinin və "Neftçi"nin sabiq forvardı Branimir Subaşiç apasport.az saytına müsahibə verib. 

- Sabiq komandan və sənə doğma olan "Neftçi" sezonun ilk yarısını Premyer Liqada 8-ci pillədə başa vurdu. Roman Qriqorçukun gəlişindən sonra "Neftçi"dən bu mövsüm uğurlu nəticələr gözləyirdiniz? 
- Bəli, əlbəttə ki, bu sezon "Neftçi"dən gözləntim yüksək idi. Təkcə mən yox, yəqin ki, çox adam bu cür gözləyirdi. Hələ ki, mövsüm davam edir, ikinci hissə qarşıdadır. Ümidvaram ki, "Neftçi" tezliklə liderliyə yüksələcək və həmişə layiq olduğu yerdə qərarlaşacaq. 

- Necə düşünürsüz, heyətə cəlb edilmiş futbolçular "Neftçi"ni uğura aparacaq oyunçulardır, yoxsa, onları uğursuz transfer saymaq olar?
- Məncə, bunun üçün bir neçə futbolçu dəyişdirilməlidir. Daha da keyfiyyətli oyunçular transfer edilməlidir. Seleksiyanı düzgün aparmaq lazımdır. Təbii ki, klubun işinə qarışmaq fikrində deyiləm. Amma "Neftçi" Azərbaycanda bir nömrəli klub olmalıdır.

- Bəs hazırkı baş məşqçi Samir Abasovun "Neftçi"ni uğursuzluqdan çıxararaq üst pillələrə daşıyacağına inanırsız? Yoxsa, bunun üçün yeni heyət qurulmalıdır?
- Samir Abasov artıq bir dəfə göstərib ki, bunu bacarır. Mütəxəssis komandaya çempionluq qazandırıb. Ona şans vermək lazımdır. Üstəlik, düzgün oyunçular seçmək gərəkdir. Bu, mütləqdir. Hamısı bir-birinə bağlı məsələlərdir. 

- Ümumiyyətlə, "Neftçi"nin hazırkı heyətindən sizcə çox oyunçu göndərilməlidir? Əsas problemli mövqelər hansılardır?
- Mütləq şəkildə "Neftçi"yə daha da keyfiyyətli oyunçular dəvət olunmalıdır. Hansı mövqelərə lazım olduğunu isə hər halda, məşqçilər korpusu daha yaxşı bilir. Bu haqda nəsə deməyim doğru olmazdı. 

- Emin Mahmudov sanki görünmür, Ramil Şeydayev isə meydanda ağırlığını qoya bilmir. Bu iki oyunçudan gözləniləni ala bilməməsi "Neftçi"nin uğurlu çıxışına birbaşa təsir edir?
- Baxaq, görək də. Ümidvaram ki, uşaqlar potensialını açacaq və ortaya bacarıqlarını qoya biləcəklər. Azərbaycanda yaxşı futbolçular var. Amma hansı və nə cür baryer olduğunu bilmirəm. Yoxsa, azərbaycanlı futbolçular istedadlı olurlar. 

- Yəqin ki, "Neftçi" üçün bu mövsüm də çempionluq və titul mübarizəsi artıq keçmişdə qaldı. Səncə, komanda mübarizəyə qoşula biləcək?
- Ümidvaram ki, "Neftçi" bu mövsüm ən azından ölkə kubokunu qazanacaq. Buna çox ümid edirəm. Hər halda, mövsümü titulla başa vurmaq imkanı var. "Neftçi" elə addır ki, bu klub hər zaman çempionluq uğrunda oynamalı, Avropada mübarizə aparmalıdır. Özü də, şərait var, hər şey var. Sadəcə anlamıram ki, niyə vəziyyət belədir? Ümid edirəm ki, hər şey düzələcək. 

- Yeri gəlmişkən, yeni sezondan Azərbaycan Premyer Liqasında legioner limiti böyük ehtimalla ləğv ediləcək. Bunun Azərbaycan futboluna yaxşı və pis mənada hansı təsirləri ola bilər? Səncə, minimum Serbiya liqasında oynaya biləcək azərbaycanlı futbolçu yoxdur? 
- Qərarla bağlı nə deyim, bilmirəm. Amma belə qərar veriblərsə... Fikrimcə, mən orada oynadığım dönəmdə Premyer Liqanın səviyyəsi daha da keyfiyyətli idi. Bəlkə də səhv salıram, amma məncə elə idi. Digər məsələyə gəldikdə, əlbəttə ki, Serbiyada oynaya biləcək azərbaycanlı futbolçular var. Hətta bəzi oyunçuların Serbiyada oynamasına kömək də edə bilərik. Ölkə xaricinə yollanmaq lazımdır. Əksər azərbaycanlılar öz ölkəsində oynayır, komfort zonasındadırlar, hamısı evindədir. Dostlar, doğmalar yanındadır. Öz dillərində danışırlar, rahatdırlar. Amma gərək özlərini xaricdə də sınasınlar. O zaman daha da güclü olacaqlar. Mahir Emreliyə baxın. Necə olursa-olsun ona afərin, illərdir ki, xaricdə çıxış edir, indi də Almaniyada özünü göstərir. 

0