Canni de Byazi: “Bu oyundan dərs çıxarmalıyıq”
28.03.2023 - 01:34
Canni de Byazi: “Bu oyundan dərs çıxarmalıyıq”

“İlk hissədə topla daha çox oynayırdıq. Onları çətinə salmışdıq”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.

İtaliyalı mütəxəssis AVRO-2024-ün seçmə mərhələsinin İsveçlə səfər görüşü barədə fikirlərini açıqlayıb: “Rəqib reytinqdə bizdən 100 pillə irəlidədir. İkinci qoladək oyunda qaldıq. Fikirləşirəm ki, əla oyun göstərdik. Topa daha çox nəzarət etdik. İkinci qoldan sonra onların hər imkanı qol olurdu. Bizim də imkanlarımız oldu. Hətta heç-heçə edə bilərdik. Təbii ki, fiziki cəhətdən onlar bizdən güclüdürlər. 70-75 dəqiqə oyunda qala bilirik. Ondan sonra çox çətin olur bizə. Ən əsası 2:0-dan sonra ruhdan düşməməliyik. İnanmalıyıq ki, nəticəni xeyrimizə dəyişmək olar. Əminəm ki, bundan daha yaxşısını edə bilərik. İnkişaf etmək üçün bu oyundan dərs çıxarmalıyıq. Oyunun son dəqiqələrində 2002 və 2003-cü il təvəllüdlü uşaqlara şans verdim. Başa düşürəm, nəticə bizim üçün acınacaqlıdır, amma onlara deyəcək sözüm yoxdur”.
 
Qeyd edək ki, yığmamız İsveç səfərində 0:5 hesabı ilə uduzub.
 

0