“Oyuna pozitiv başladıq”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan milisinin baş məşqçisi Canni de Byazi deyib.
İtaliyalı mütəxəssis Millətlər Liqasının II turunun Belarusla matçından sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini açıqlayıb: “Komanda kimi inkişaf edirik. Bu, hiss olunur. Ötən matçdakı kimi yenə qapıya 15 zərbə vurduq. Amma yenə qol vura bilmədik. Təəssüf ki, qol vurmursansa, qələbə qazana bilmirsən. Sonra 10 nəfərlə qaldıq. Nəticə baxımından razı qala bilərik. Amma bura qələbə üçün gəlmişdik. Matçın sonlarında 10 oyunçu ilə qaldığımızdan çətin oldu”.
De Byazi oyundan razı qalıb: “Komandanın oyunundan çox razı qaldım. Hiss edirəm ki, günü-gündən irəliləyiş var. Artıq topla daha rahat oynayırıq, topu hara gəldi vurmuruq, qol imkanları yaradırıq. İlk hissədə 3-4 qol imkanımız oldu, istifadə edə bilmədik. Son vuruşlarda çatışmazlıqlar var. Komanda kimi inkişaf edirik. Bizi qrupun ən güclü komandasına qarşı ağır oyun gözləyir. Əminəm ki, meydana kim çıxacaqsa, yaxşı nəticə qazanmaq üçün sona qədər mübarizə aparacaq".
Qeyd edək ki, qarşılaşma 0:0 hesabı ilə başa çatıb.