Cavid Tağıyev: "Bəlkə də, başqa baş məşqçi olsaydı, Nərimanı..." - Müsahibə
26.02.2024 - 20:41
Cavid Tağıyev: "Bəlkə də, başqa baş məşqçi olsaydı, Nərimanı..." - Müsahibə

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu Cavid Tağıyev apasport.az saytına müsahibə verib. 

- "Qarabağ"ın Avropa Liqasında pley-off mərhələsində 1/8 final mərhələsinə vəsiqə qazanmasını necə şərh edərdn?
- "Qarabağ"ı təbrik edirəm. Mən onsuzda inanırdım ki, komandamız bu mərhələni keçəcək. Sona kimi komanda əsl xarakter göstərdi. Həqiqətən, bütün Azərbaycan xalqını sevindirdilər. Düzdür, matç dramatik alındı. Qırmızı vərəqə olmasaydı, bəlkə də, hadisələr başqa cür cərəyan edəcəkdi. Ancaq yenə də bir nəfər azlıqda qalmaqlarına baxmayaraq, "Qarabağ" əla mübarizə apardı. Komanda 10 nəfərlə "Braqa" kimi komandaya 2 qol vurdu. Qırmızı olmasaydı, oyun əlavə vaxta getməyəcəkdi.

- "Qarabağ"ın AL-də 1/8 finala yüksələrək Azərbaycan futbolunda növbəti tarix yazması haqda fikrin necədir? Onlar Azərbaycan çempionatından çıxaraq bu cür uğurlara imza atırlar...
- Bu qədər uğur əlbəttə ki, birdən-birə olmur. İllərdir ki, Qurban Qurbanov komandanı daha da yaxşı yerlərə gətirmək üçün çalışır. Onların çox yaxşı kollektivi var. Qurban Qurbanovun özünəməxsus futbol fəlsəfəsi var və  dediyim kimi, bunlar olduqca zamanla uğurlar da gələcək. Bu da nəticədir. "Qarabağ" avrokuboklarda uğurlu çıxış edir.

- Bəs, digər klublarımızın uğurlu nəticəsi inandırıcıdır?
- Dediyim kimi, uğur birdən-birə gəlmir. İllərin zəhməti, əziyyəti var. İnanıram ki, başqa klublarımız da növbəti mövsümlərdə Azərbaycanı avrokuboklarda yaxşı təmsil edəcəklər. Həmin anların da şahidi olacağıq, buna çox inanıram. Asan olmadığı dəqiqdir, lakin mümkünsüz də deyil.

- Son günlərin əsas müzakirə mövzusu da "Braqa" ilə ilk oyunda qol epizodundan yararlana bilməyib, Bakıdakı görüşdə həlledici qolu vuran Nəriman Axundzadədir. Onunla bağlı fikrin necədir?
- Nəriman gənc, istedadlı futbolçudur. Düşünürəm ki, uğurları hələ qabaqdadır. "Braqa" ilə səfər oyununda qol epizodunu vura bilmədi. Lakin bu matçda şansı oldu, komandaya lazımlı qolu vurdu. Bəlkə də, başqa baş məşqçi olsaydı, Nərimanı ilk oyundan sonra heç bu görüşə daxil etməzdi. Amma Qurban Qurbanov Nərimana və ümumi olaraq futbolçularının hər birinə necə güvəndiyini bir daha göstərdi. Bunun da nəticəsində Nəriman çıxdı və qolunu vurdu.

- "Qarabağ"ın 1/8 final mərhələsindəki rəqibi artıq bəlli oldu. Komanda yenidən "Bayer"lə qarşılaşacaq. Səncə, şans var?
- "Bayer" yaxşı formada olan komandadır. Hazırda bu hamıya bəlli olan məsələdir. Lakin "Qarabağ" üçün kifayət qədər də tanış rəqibdir. Düşünürəm ki, yaxşı, maraqlı matç olacaq. Şansa gəlincə, rəqibin kimliyindən asılı olmayaraq, şans həmişə var. "Qarabağ"a uğurlar arzulayıram. İnanıram ki, bizi yenə də sevindirəcəklər.

0