Ceyhun Sultanov: “Neftçi" ikinci yeri tutmağa borcludur” - Müsahibə
25.01.2024 - 20:20
Ceyhun Sultanov: “Neftçi" ikinci yeri tutmağa borcludur” - Müsahibə

“Neftçi”nin sabiq idman direktoru Ceyhun Sultanov apasport.az saytına müsahibə verib:


-“Neftçi” “Sabah”la matçda bərabərə qaldı. Bu matçda “Neftçi”nin performansını necə dəyərləndirirsən?
- "Neftçi"nin performansı haqda onu deyə bilərəm ki, əzmkarlıq və istək var idi. Amma düzü, hələ tam olaraq o komanda deyil. Onlar haqda nəsə yaxşıdır demək də tezdir. Tək dəyişiklik dediyim kimi, əzmkarlıq və istəyin olması idi. Oyun planında isə hələ ki, heç nə yoxdur. Zamanla hər şey görünəcək.

- Miodraq Bojoviçin rəhbərlik etdiyi kollektiv Adrian Mutunun “Neftçi”sindən çox fərqlənmədi?
- Bircə fərq var. O da sadəcə bir az əzmkarlığın olmasıdır. Bunun da səbəbi bəllidir. “Neftçi”nin baş məşqçisi yeni dəyişdirilib. Futbolçular daha istəkli idi. Adətən də belə olur. 

- Səncə, “Neftçi” hansısa yöndə artırmayıb? İndiki “Neftçi” daha effektli görünmür?
-  Effektlivlik barədə danışmaq hələ tezdir. Çünki cəmi bir oyun oynayıblar. Yalnız bir neçə turdan sonra, zaman keçsin, onda komandanın durumu, çıxışı haqda danışmaq olar. İndi nəsə demək üçün çox tezdir.

-  “Neftçi” Aaron Olanare ilə yollarını ayırdı. Kenni Sayef də gedib. Gedənləri “Neftçi” üçün itki hesab etmək olar? Səncə, “Neftçi”dən getməli oyunçular yenə var?
- Məncə, “Neftçi”nin yollarını ayırdığı futbolçuların gedişi heç bir şeyi dəyişməyəcək. Düzgün addım atdılar. Onları göndərmək lazım idi, göndərilməliydilər. Gedən futbolçuların yerinə daha da keyfiyyəti oyunçular gətirmək mümkündür. Məncə, bu cür etmək daha yaxşıdır. 

- “Neftçi” ÇSKA(Sofiya) klubundan Brayan Moreno və “Lokomotiv”(Plovdiv) klubundan Alfa Konteni transfer edib. Konte artıq debüt edib. Onunla bağlı nə düşünürsən? Səncə, “Neftçi”yenə də güclənməlidir?
- Bu iki futbolçu barədə danışmaq hələ tezdir. Baş məşqçi barədə də nəsə söyləmək erkəndir. Bütün hər şeyi zaman göstərəcək. Onlar qışda gəlib, adaptasiya üçün də vaxt gərəkdir. Bir müddət sonra necə olacağı görünəcək.

- “Neftçi”nin mövsümü hansı pillədə, kubokda hansı nəticəni göstərəcəyini düşünürsən?
- "Neftçi" hazırkı heyəti ilə, bu potensialla ikinci yeri tutmağa borcludur. Təbii ki, Azərbaycan Premyer Liqasında bütün matçlar çətindir. Zəif oyun olmur. Amma məncə, onlar gümüş medal qazanmalıdırlar. Hələ, ölkə kubokunu da götürmək şansları var.

- “Neftçi”nin gənc qapıçısı Rza Cəfərov haqda hansı fikirdəsən? Hansı üstünlüyü, hansı mənfi nöqtələri var? Gələcəkdə “Neftçi”nin və millinin əsas qolkiperi ola bilər?
- Rza Cəfərov haqda çox yaxşı sözlər deyə bilərəm. Çünki gənc olmasına baxmayaraq, oyunlarda çox rahatdır, rahat futbolunu oynayır. Daha çox şans qazandıqca, özünə olan inamı artacaq. Məncə, Rza gələcəkdə əsas millimizdə də oynayacaq potensialdadır. Ona uğurlar arzulayıram və demək istəyirəm ki, davamlı məşq etmək, dayanmamaq lazımdır. Yalnız bu halda daha da yaxşı olmaq mümkündür.

0