Cüdo yığmamızdan uğurlu nəticə
24.09.2023 - 20:53
Cüdo yığmamızdan uğurlu nəticə

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan Bakı Böyük Dəbilqə turnirinə yekun vurulub.

Apasport.az saytı xəbər verir ki, Azərbaycan cüdoçuları 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. 

Cüdoçularımız ümumi hesabda kişilər arasında birinci, qadınlar arasında isə 11-ci yeri tutublar. Yarışda medal əyarına görə Gürcüstan idmançıları ikinci yerdə, Yaponiya yığması isə üçüncü yerdə qərarlaşıb.

Kişilər yarışında Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Leyla Əliyeva (48 kq) gümüş medal, Zelim Kotsoyev (100 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, Milli Gimnastika Arenasında baş tutan turnirdə 61 ölkədən 446 cüdoçu medallar uğrunda mübarizə aparıb. Azərbaycanın cüdo üzrə milli yığma komandası yarışda 11 çəki dərəcəsində 26 kişi və 7 qadın idmançı ilə təmsil olunub.
 

0