Misli Premyer Liqasının XXIX turunun “Sabah” – “Karvan-Yevlax” oyunundan (2:0) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı baş tutub.
Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb və daha sonra jurnalistlərin suallarını cavablandırıb.
– Çox ağır oyun alındı. “Qarabağ”a qarşı baş tutan iki çətin matçdan sonra bu gözlənilən idi. Bu gün də bizim üçün ağır keçəcəyini ehtimal edirdik. Öz səviyyəmizdən aşağı çıxış etdik. Xüsusilə, birinci hissədə istədiyimiz kimi oynaya bilmədik. Yaratdığımız qol fürsətləri isə nəticə vermədi. Fasilədən sonra daha çox enerji ilə oynadıq. Qələbəni arzulayan biz idik. Rəqibin risk edəcəyini gözləyirdim, amma olmadı. Öz üslublarına sadiq qaldılar. Açığı, azarkeşlər üçün baxımlı oyun deyildi. Yolumuza davam edirik, bərpamızı keçib, qarşıdakı oyuna fokuslanacağıq.
– Xəyal Əliyev son vaxtlar az şans qazanır. Mütəmadi startda olması üçün nə çatmır?
– Belə deyim, rəqabət. Yaxşı komandayıq, hücum xəttində güclü futbolçularımız var. Əlbəttə, rəqabət asan deyil. Qələbə qazanırsansa, heyəti də, hücumçunu də dəyişmək çətin olur. Xəyal bu mövsüm bizə çox kömək edib. Mikelsin yoxluğunda faydalı oldu. Çalışmağa davam etməli və öz üzərində işləməlidir. Komandada çox yaxşı oyunçular var. Əsas heyətdə yer almaq üçün daha üstün olmalısan. Məşqlərdə çox çalışır, əziyyət çəkir. Qərarımın arxasında dayanıram. İnanıram ki, bu cür işləməyə davam etsə, oynamaq imkanı qazanacaq.