"Sabah" - "Orhus" matçında insident - Danimarka mətbuatının qərəzi
12.08.2026 - 12:11
"Sabah" - "Orhus" matçında insident - Danimarka mətbuatının qərəzi

“Sabah” və “Orhus” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu (4:0) öncəsi insident yaşanıb.

Qonaq azarkeşləri daşıyan nəqliyyat vasitəsi “Bank Respublika Arena”da “bayquşlar”ın futbolçularını gözləyən tərəfdaşların olduğu ərazidə dayanıb.

Bu zaman qonaq azarkeşlər “Sabah”ın tərəfdarlarını provokasiya edib. Nəticədə iki tərəf arasında qarşılıqlı mübahisə yaranıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, insident zamanı hər iki tərəfdən zərərçəkənlər olub.

Əlbəttə, fürsətdən istifadə edən Danimarka mətbuatı yaranmış vəziyyəti öz lehinə çevirməyə və günahı “bizimkilər”in üzərinə atmağa çalışdı. Azərbaycanda yaşayan hər kəs bilir ki, “Sabah”ın azarkeşləri əsasən yeniyetmə və gənclərdən ibarətdir. Hər birimiz hansısa klubu dəstəkləyir, onun üçün bir çox şey etmişik. Rəqib komandanın azarkeşləri avtobusla üzərinizə gəlsə və daha sonra heç nə olmamış kimi sizi provokasiya etsə, cavabınız nə olar?

Burada kiminsə haqlı və ya haqsız olduğunu müəyyənləşdirmək niyyətində deyiləm. Lakin "bayquşlar"ın azarkeşlərinin "dəliqanlı" olduqları bir zamanda onların üzərinə getmək, qızışdırmaq, provokasiyaya sürükləmək çox daha asandır. Hadisəni başladan tərəfin yaşca daha böyük, təxminən 25-30 yaş və yuxarı şəxslərdən ibarət olması da diqqətdən yayınmamalıdır.

Çox şükür ki, polis əməkdaşları və hərbçilər insidenti böyümədən yatırtmağı bacarıblar...

Burada əsas məsələ kimin daha çox zərər çəkdiyini və ya kimin haqlı olduğunu müzakirə etmək deyil. Əsas məsələ odur ki, futbol azarkeşliyi heç bir halda qarşı tərəfi qıcıqlandırmağa, xüsusilə də yaşı az olan tərəfdarları qarşıdurmaya cəlb etməyə xidmət etməməlidir. Futbol rəqabətdir, emosiyadır, bəzən gərginlikdir. Amma bütün bunların bir həddi, sərhədi var. Bu hal kiməsə təxribat yaratmaq haqqı vermir. Xüsusən də Danimarka mətbuatına…