Son günlərdə futbol izləyicilərinin İctimai TV-ni tənqid etməsi gündəmə çevrilib.
Azarkeşlər telekanalı oyunları YouTube platformasında canlı yayımlamamaqda günahlandırır.
“Apasport”un əldə etdiyi məlumata görə, buna səbəb FIFA tərəfindən yayım hüquqları ilə bağlı qoyulan məhdudiyyətdir.
Apardığımız araşdırmalara əsasən, dünyanın digər ölkələrindən olan yayımçı telekanallar oyunların həm də YouTube platformasında canlı yayımlanmasında heç də maraqlı deyillər. Onlar bu hüquqlarından istifadə etmirlər. Buna səbəb isə matçların digər platformalarda canlı yayımlanmasının telekanalın reytinq itirməsinə səbəb olmasıdır.
Reytinqim itməsi isə birbaşa reklamlara təsir edir. Bu səbəbdən yayımçıların marağı oyunun efirdə yayımlanması, reytinqin yüksək olması və daha çox reklam gəlməsidir. Lakin İTV müəyyən reytinq itkisini heç sayaraq Türkiyə millisinin qrup oyunlarını platformada canlı yayımlayır.
YouTube platformasında yalnız 15 oyunun paralel yayımlanmasına icazə verilir. FIFA bu qaydanı yalnız Azərbaycana yox, bütün dünyaya tətbiq edir. İTV isə həmin 15 oyunun üçünü Türkiyə millisinin qrup mərhələsində keçirəcəyi matçlara ayırıb. Digər qarşılaşmalar isə pley-off duellərinin seçilmiş görüşləri olacaq. Əlavə olaraq bütün oyunlar İctimai radioda və itv.az saytı vasitəsilə canlı yayımlanır.
Mundialda su fasilələrinin artması da reklama yönəlmiş addımdır. Dünyanın bir çox yayımçı telekanalları həmin fasilələrdə reklam pauzasına yollanır. İTV də isə biz reklam izləmirik, meydanı görməyə davam edirik.
Bu ildən ilk dəfə Azərbaycan teleməkanında oyun epizodları vizual texnologiyalardan istifadə olunmaqla təhlil edilir. Futbol mütəxəssisi Aslan Kərimov epizodları təkcə şərh etmir, onların vizual şəkildə sinxron izahı olur. Bu isə Azərbaycan teleməkanında yenilikdir.