Deni Qaysumov: "İsveç Avstriyadan güclüdür və daha ağır olacaq" - MÜSAHİBƏ
27.03.2023 - 13:38
Deni Qaysumov: "İsveç Avstriyadan güclüdür və daha ağır olacaq" - MÜSAHİBƏ

Azərbaycan milli komandasının sabiq futbolçusu Deni Qaysumovun apasport.az saytına müsahibəsi

- Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsinin qrupunda ilk matçını Avstriyaya qarşı keçirdi və 1:4 hesabı ilə uduzdu. Oyunla bağlı nə deyə bilərsiz?
- Düzünü desəm, hesabın bu cür olacağını ehtimal etmirdim. Çünki milli komandamıza inanırdım. Ehtimal edirdim ki, Vyanada uğurlu nəticə olacaq. 

- Milli nəyi doğru edə bilmədi?
- Məğlubiyyətə səbəblər çox olur. Amma biz dəqiq deyə bilmərik. Çünki komandanın içində olan məşqçilər korpusudur. Məncə, Avstriyaya məğlubiyyətin səbəbini Canni De Byazi özü bilir.

- Daha fərqli start heyəti buraxmaq mümkün idi?
- Layiqli şəkildə oynasaydılar, məncə, az adam başqa heyətlə meydana çıxmalı olduğumuzu düşünərdi. Sadəcə məğlub olduq. Uduzan heyətdən isə hər zaman narazı qalırlar. 

- Yəqin ki, bilirsən, qapıçı Yusif İmanov millidə debüt edirdi. Onun performansı səndə müsbət fikir yaratdı?
- Bilirsiz, top qapı tərəfə gedirsə, dərhal bütün gözlər qolkiperə çevrilir. Amma qapıçını günahlandırmaq lazım deyil və olmaz. Bu, doğru deyil.

- Azərbaycan millisi ardıcıl beş oyun qələbədən sonra uduzdu. Hər halda, əvvəlki beş qələbənin mənasız olduğunu düşünənlər də az deyil....
- Təəssüf ki, qələbə seriyası nə zamansa qırılır. Amma mən qələbə seriyasını ciddiyə almamaqla razı deyiləm. Çünki milli səviyyəsində istənilən oyun vacibdir. Hansı rəqiblə matçda qeydə alınmasına baxmayaraq belədir. Şəxsən mən, millimizin beş oyunluq qələbə seriyasının olmasına çox sevinirdim.

- Azərbaycan millisi bu gün İsveç qarşısına çıxacaq. Stokholmdakı görüşdə yığmamızdan uğurlu nəticə gözləməyə dəyər?
- Bu səviyyədə istənilən matç ağırdır. Qarşına çıxan hər bir rəqib də çətindir. Özü də məğlubiyyətdən sonra daha da ağırdır. Amma işə davam etmək, oyuna fokuslanmaq lazımdır. Başa düşmək lazımdır ki, İsveç Avstriyadan da güclü komandadır və daha ağır olacaq. Yalnız bu yanaşma ilə biz yaxşı oyun və uğurlu nəticə gözləyə bilərik.

0