Durarbəyli: "Uğursuz turnirlərdən sonra əsəbləşmişdim" – MÜSAHİBƏ
28.01.2023 - 20:27
Durarbəyli: "Uğursuz turnirlərdən sonra əsəbləşmişdim" – MÜSAHİBƏ

Kişi şahmatçılar arasında Azərbaycan çempionatının qalibi Vasif Durarbəyli Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına müsahibə verib.

Apasport.az həmin müsahibəni təqdim edir:

– Çempionluq münasibəti ilə təbrik edirik. Vasifin uğurlu çıxışının sirri nədir?
– Ötən ilin sonunda Bakıda 2 turnirdə uğursuz çıxış etdim. Azərbaycan yığması üçün seçmə turnirdə yaxşı oynamadım, ardınca rapid və blits turniri mənim üçün uğurlu olmadı. Uğursuz turnirlərdən sonra bir qədər əsəbləşmişdim. Uğursuzluq varsa, deməli, dəyişiklik lazımdır. Bundan sonra 2 aya yaxın qrossmeyster, dostum Burak Fıratla hazırlıq keçdim. Nəticədən razıyam. Ölkə çempionatının seçmə mərhələsində böyük fərqlə 1-ci oldum. Tay-brek qısa oyunlardır. Burada hər şey ola bilər. Sevinirəm ki, yekunda Azərbaycan çempionatının qalibi oldum.

– Finalda ilk partiyada Vüqar Əsədli qələbə qazandı. Sonradan cavab görüşünə hazırlaşmaq çətin olmadı?
– İlk klassik partiyada ardıcıl 3 səhv etdim. Az qalmışdı çempionatı 2-ci yerdə başa vurum. Amma geridönüş edə bildim. Oyunumdan razı qaldım. 

– Çempionatın ilk mərhələsində hansı partiya daha çətin alındı?
– Həmkarlarıma qarşı hörmətsizlik olmasın. Yeganə çətinlik kimi Aydın Süleymanlı ilə partiyanı qeyd edə bilərəm. Üstünlük var idi, amma təzyiq yaratmadı. 

– Ölkə çempionatında ilk çempionluğunuz 2021-ci ildə olub. İndi 2-ci dəfə qızıl medal qazandınız. Hansı çempionluq daha çətin başa gəlib?
– Çempionatın bu formatı xoşuma gəlir. Uğurlu format hesab edirəm. Amma bir çatışmazlıq olduğunu düşünürəm. İlk mərhələdə seçmədən sonra turnir cədvəlində 1-ci olmaq şahmatçıya üstünlük vermir. Məşhur şahmatçımız Şəhriyar Məmmədyarovla müzakirəmiz olub. Maraqlı təklif verdi. Məsələn, turnir cədvəlində xal fərqi ilə 1-ci yerə çıxan şahmatçı birbaşa finala vəsiqə qazansın. 2-3-cü yerin sahibi isə öz aralarında oynamaqla 2-ci finalçını müəyyənləşdirsin. Bu halda 1-ci yerin sahibi üstünlük qazanır.

– Finaldakı rəqib – Vüqar Əsədlinin oyununu necə qiymətləndirirsiniz?
– Vüqar Əsədlinin oyunlarını yaxından izləyirəm. Məncə, son turnirlərdə yüksək oyun göstərir. İrəliləyiş hiss olunur. Son aylarda çox yaxşı oynayır. Klassik şahmatda mübarizəmiz gərgin oldu. Hər 2 partiyada yaxşı mübarizə nümayiş etdirdi. Amma rapid hissədə, məncə, zəif oynadı. 

– Gənclərin çıxışı barədə nə deyə bilərsiniz?
– Gənc şahmatçılardan bir az narazıyam. İllərdi oynayırıq, artım sürətləri məni qane etmir. Federasiya məşqçilər dəvət edib, dəstək olur. Son 3 ildə ölkə çempionatında oynayıram və fərqi hiss etmədim.

– 2022 və 2023-cü illərdəki çempionatı necə fərqləndirərdiniz?
– Təvəzökarlıqdan uzaq olsa da, məncə, bu il çox yüksək fərq nümayiş etdirdim. Bir qədər yaxın mübarizə aparan Vüqar Əsədli idi, ona finalda qalib gəldim.

– Bu il əsas hədəfiniz nə olacaq?
– Planlarım tam dəqiqləşməyib. Amma əsas hədəfim Dünya Kuboku ilə bağlı olacaq. Bu yarış həmişə vacibdir. Amma Bakıda keçirilməsi turnirin əhəmiyyətini artırır. Dünya Kubokuna ciddi hazırlaşmağı düşünürəm.

0