Əfran İsmayılov avrokuboka yollanır: “Azərbaycanın adı varsa...”
02.09.2023 - 13:59
Əfran İsmayılov avrokuboka yollanır: “Azərbaycanın adı varsa...”

"İlk dəfədir ki, belə turnirə qatılacam. Nə qədər minifutboldan uzaq olsam da, çox istəmişəm ki, burada oynayım”. 

Apasport.az xəbər verir ki, bunu Azərbaycanı minifutbol üzrə Avropa Kubokunda təmsil edəcək "Zəngəzur"un kapitanı Əfran İsmayılov deyib.

Klubda, eyni zamanda, köməkçi məşqçi işləyən yığmanın sabiq futbolçusu ona göstərilən etimada görə təşəkkür edib. O bildirib ki, “Zəngəzur”a köməklik etməkdə çalışdığı "Araz Naxçıvan" hansısa maneə yaratmayıb: “Dedilər ki, Azərbaycanın adı varsa, biz də kömək etməyə hazırıq. Özümün də marağı var, millinin, çempionatın oyunlarına baxırdım. Çünki minifutbolu çox sevirəm. Təklif gəldi, qəbul etdim. Mənə inanıb gətiriblərsə, komanda üçün ən yaxşısını edəcəm. Elə də güclü məşq etməmişik, cəmi 2-3 dəfə bir yerə toplaşmışıq. Bu davam edəcək”. 

İsmayılov bildirib ki, ölkəmizdə minifutbol inkişaf edib: “Futbolu bitirən uşaqlar özünü burada sınamaq istəyir. Rauf Əliyev, Rahid Əmirquliyev minifutbolda oynamağa hazırdır. Nə qədər də olmasa, adımız var. Doğrudur, o demək deyil ki, biz gəldik, dəhşətli şeylər olacaq. Minifutbol ayrıdır, böyük futbol ayrı. Komandanı formalaşdıracağıq, həftədə iki məşqimiz olacaq. Vəziyyəti düzəltdikdən sonra köhnə futbolçulardan qurulmuş komanda ilə birlikdə çempionata girmək istəyirik. Həm də layiqli çıxış etmək niyyətindəyik. Avrokuboklara gedib-gələk, daha sonra necə olacağını biləcəyik”.

O bildirib ki, "Zəngəzur"da gələcəkdə baş məşqçi kimi çalışmağı düşünmür: “Planımızda olan komandada baş məşqçi ola bilmərəm. Futbolu nə qədər bilsəm də, minifutbolun elə özəllikləri var ki, onları baş məşqçimiz Əjdərovdan soruşaram. Qol vura bilərəm, amma kornerlər, sistemlər, tamam fərqlidir. Ona görə də, minifutbol tamam fərqlidir. Bizə mütləq məşqçi lazımdır ki, bizi hazırlaşdırsın, çempionata çıxaq”.

"Zəngəzur"un baş məşqçisi Əjdər Əjdərov isə bildirib ki, komandaya yeni cəlb etdikləri futbolçular formada olduğuna görə hazırlıq az vaxt alıb: “Vaxtımız az da olsa, rəhbərliklə, futbolçularla əl-ələ verib hazırlaşırıq. Adımız bəllidir, Azərbaycan bayrağı üçün oynayacağıq. Əlimizdən nə gəlir, edəcəyik. Nəticə əldə etməyə çalışacağıq".

Qeyd edək ki, "Zəngəzur" Avropa Kubokunda Bolqarıstanın "Qalaktiko Vratsa", Yunanıstanın TMT və  Çexiyanın "Veşka Olomuts" klubları ilə A qrupunda yer alıb.

0