Elçin Quliyev yenidən ARAF-ın prezidenti seçildi - VİDEO
25.01.2024 - 11:05
Elçin Quliyev yenidən ARAF-ın prezidenti seçildi   - VİDEO

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev yenidən Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti seçilib.

Apasport.az xəbər verir ki, ARAF-ın 2023-cü ilin idman nəticələrinin yekunlarına həsr olunmuş tədbirində prezident, eləcə də vitse-prezidentlər və İdarə Heyəti üzvləri ilə bağlı seçki keçirilib.

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov və onun müavini Mariana Vasilevanın da iştirak edib.

Öncə ARAF-ın baş katibi Bəhruz Nəbiyev il ərzində ölkə ərazisində keçirilən tədbirlər, beynəlxalq turnirlərdə iştirak və əldə olunan nailiyyətlər barədə məlumat verib. Federasiyanın fəaliyyət sahələrinə daxil olan hər bir atçılıq idman sahəsi üzrə tədbirlər barədə qısa, hesabat xarakterli videomateriallar təqdim olunub.

Daha sonra il ərzində əldə edilmiş nailiyyətlərə əsasən xüsusi nominasiyalar üzrə qaliblər elan olunub. Qalibləri Çingiz Hüseynzadə, Fərid Qayıbov və Elçin Quliyev təltif ediblər.

Elçin Quliyev göstərilən etimada görə minnətdarlığını bildirərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün idman növlərinə, o cümlədən atçılığa göstərdiyi xüsusi diqqət və qayğısı, atçılığın inkişafı, həmçinin gələcək planlar, xüsusilə komandaların sayının artırılması və atçılığın hər bir növünün ayrılıqda inkişaf məsələləri, federasiyanın qarşısında duran məqsədlər və görüləcək işlər haqqında fikirlərini yığıncaq iştirakçılarına çatdırıb. Federasiyanın prezidenti 2028-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına atçılıq üzrə vəsiqə qazanılmasının əsas prioritet məsələ olduğunu bildirib.

Daha sonra çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə federasiyanın yeni seçilmiş rəhbər heyətini təbrik edib və ölkəmizdə atçılığın əhəmiyyətindən, gələcəkdə milli atçılığın növü olan çövkən üzrə beynəlxalq yarışların keçirilməsi imkanlarından danışıb. Atçılığın Olimpiya proqramında ən qədim idman növlərindən biri olan dresaj üzrə milli komandanın artıq formalaşmasını yüksək qiymətləndirib.

Gənclər və idman naziri Fərid Qayıbov isə atçılıq idman növünün spesifikliyi, Azərbaycanın bölgələrində də atçılığın inkişafı, yeni zavodların fəaliyyətə başlaması məsələlərinə toxunub. Nazir çıxışının sonunda yeni seçilmiş heyəti təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, Elçin Quliyev 2009-cu ildən Azərbaycan Respublikası Atçılıq Federasiyasına rəhbərlik edir.

0