Elmar Baxşıyev: "Belə vəziyyətlə daha əvvəl də qarşılaşmışıq" - MÜSAHİBƏ
27.06.2023 - 12:13
Elmar Baxşıyev: "Belə vəziyyətlə daha əvvəl də qarşılaşmışıq" - MÜSAHİBƏ

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevin apasport.az saytına müsahibəsi

- “Qəbələ” təlim-məşq toplanışına başlayıb. Əksər futbolçuların gedişi şəxsən sizə necə təsir edib? Komandada ruh düşkünlüyü yaranıb? 
- Bəli, hazırlıqlara başlamışıq. Hələ ki, toplanışda yalnız yerli futbolçular iştirak edir. Qarşıdakı günlərdə legionerlər də bizə qoşulacaq. Komandadan bir çox futbolçunun getməsi bizdə ruh düşkünlüyü yaratmır. Bu, futbolun reallığıdır. Çalışsaq da, heyətimizi qoruya bilmədik. Belə vəziyyətlə daha əvvəl də qarşılaşmışıq. Gələcəyə ümidlə baxırıq. Komandanı əvvəlki, iddialı vəziyyətə qaytaracağımıza inanırıq.

- Avrokuboklara bir ay qalıb. Gedənlərin yerini tez bir zamanda doldurmaq mümkün olacaq? 
- Transfer çalışmalarımız davam edir. Yeni futbolçuları izləyirik, analiz edirik, uyğun variantlar üzərində işləyirik. İki yeni futbolçu ilə anlaşmışıq. Qarşıdakı günlərdə yeni transferlərlə güclənəcəyik. Vaxtımız az olsa da, komplektləşəcəyimizə inanıram.

- Niyə bizim klublarda avrokuboklar öncəsi daim naməlum vəziyyət olur? İsnik Alimi, Ruan Renato, Felipe Santos, Ramon Maçado maliyyə məsələsinə görə ayrıldı?
- Sırf maliyyə imkanlarının məhdudluğu ilə bağlı idi. Futbolçular komandamızda oynamaqdan, kollektivdən məmnun idilər. Sadəcə maliyyə şərtləri onları razı salmadı. Ona görə də, sonda ayrıldılar.

- Yeni transferləriniz Ahmed Ayzaya və Zurab Oçiqava liqada özünü ən yaxşı tərəfdən göstərə bilib. Onlar haqda siz nə deyə bilərsiz?
- Onları çempionatımızdakı çıxışlarına görə yaxşı tanıyıram. Oyun tərzini bəyəndiyim futbolçulardır. Gücümüzə güc qatacaqlarına əminəm. Hər ikisi yaxşı futbolçulardır.

- “Qəbələ” Konfrans Liqasında “Omoniya” ilə qarşılaşacaq. Sizcə, Kipr klubunun səddini keçə biləcəksiniz? 
- Hazırda "Qəbələ"ni yenidən formalaşdırmaq, heyəti komplektləşdirmək missiyasını yerinə yetiririk. Vacib olan budur. "Omoniya" yaxşı komandadır. Amma əsas məsələ onlarla oyunda bizim hansı durumda olacağımızdır.

- “Qəbələ” ilə müqavilə müddətini imzalayanda aparıcı oyunçularınızı itirə biləcəyinizi bilirdiz? Çünki uzun müddət “Neftçi”yə keçə biləcəyiniz deyilirdi...
- Əgər "Qəbələ" ilə yola davam etməyə razılaşmışamsa, deməli, ehtimal oluna biləcək bütün variantları gözdən keçirmişəm, nəzərə almışam. Hazırda bütün diqqətimi daha əvvəl də olduğu kimi komandama yönəltmişəm. Bizi çətin period gözləyir. Artıq əvvəl nələrin olub və ya ola bilərmiş, bunun önəmi yoxdur. Önəmli olan “Qəbələ” ilə iddiamızı, güclü, möhkəm, şən futbol oynayan komanda ruhunu qorumaqdır.

0