Elvin Məmmədov: "Ən əsası odur ki, Arif Əsədov azərbaycanlıdır və ..." - Müsahibə
26.03.2024 - 13:21
Elvin Məmmədov: "Ən əsası odur ki, Arif Əsədov azərbaycanlıdır və ..." - Müsahibə

Azərbaycan milli komandasının veteran futbolçusu Elvin Məmmədov apasport.az saytına müsahibə verib.

- Azərbaycan millisi Monqolustanla görüşdə qələbə qazanmağı bacardı. Bu görüşdə millimizin performansını necə dəyərləndirirsən? Sən daha yaxşısını gözləyirdin?
- Milli komandamızı Monqolustan yığması üzərindəki qələbəsi münasibətilə təbrik edirəm. Yığmamız oyunu 90 dəqiqə rəqibin qapısı qarşısında keçirdi. İlk dəqiqələrində yaratdığımız qol epizodlarını dəyərləndirsəydik, böyük hesablı nəticə olacaqdı. Epizodlardan yararlansaydıq, daha yaxşı olacaqdı. 

- Yəqin ki, Azərbaycan millisi Monqolustana qalib gələ bilməyəsəydi, heç də yaxşı durum yaranmayacaqdı?
- Bəli. İstər azarkeşlər, istərsə də media tərəfdən təzyiq olacaqdı. Ancaq millimiz bunun öhdəsindən gəldi. Son dəqiqədə də olsa, qol vuraraq qalib gəldilər. 

- Azərbaycan millisinin ifasında bu görüşdə pozitiv nə gördün? Yaradılan bu qədər qol şansından yararlana bilməməyimizi şanssızlıq, yoxsa ustalıq səviyyəsi ilə əlaqələndirirsən?
- Pozitiv məqam odur ki, millimiz 90 dəqiqə rəqibin qapısı qarşısında oynadı. Qol vura bilməmələrinə gəlincə, Monqolustan zəifdir deyə, futbolçular matçın içində tam konsentrasiya ola bilmirdi. Bunlar da həlledici məqamlardır. Üstəlik, qol epizodlarına baxsaq, bunu şanssızlıqla da əlaqələndirmək mümkündür.

- Bolqarıstan və  Azərbaycan millilərini necə dəyərləndirirsən? 
- Bolqarıstan millisi yaxşı komandadır. Ancaq, bizim də yaxşı futbolçulardan toplaşmış yığmamız var.

- Azərbaycan millisində debüt edən Emil Mustafayev haqda fikrin necədir? Səncə, milli komandamıza kömək edə biləcək səviyyədədir?
- Mən Emil Mustafayevi bəyəndim. Cavan futbolçudur. Həm də, sol ayaq olması üstünlükdür. Gələcəkdə millimizə kömək etməsi üçün vaxt lazımdır. İnanıram və ümid edirəm ki, onun üçün də millidəki karyerası uğurlu alınacaq. Hər halda, ilk oyunu üçün inamlı təsir bağışladı.

- Arif Əsədovun rəhbərlik etdiyi milli Canni De Byazinin dövründəki millidən nə ilə fərqlənirdi?
- Arif müəllimə gələcək oyunlarda uğurlar arzu edirəm. Ən əsası odur ki, o, azərbaycanlıdır və ona şans vermək lazımdır. Çox futbolçunu tanıyır, xarakterini bilir. Ona milli komandamızda uğurlar arzulayıram. İnanıram ki, hər şey yaxşı alınacaq.

0