Elvin Məmmədov: “Ümidvaram ki, hər şey millimiz üçün yaxşı alınacaq”
27.03.2023 - 16:42
Elvin Məmmədov: “Ümidvaram ki, hər şey millimiz üçün yaxşı alınacaq”

"Əslində, millimiz Avstriyadakı matça çox yaxşı başlamışdı. Birinci qoldan sonra komandada özünəinam itdi”.

Bunu apasport.az saytına “Şamaxı”nın kapitanı Elvin Məmmədov deyib.

Azərbaycan milli komandasının sabiq futbolçusu yığmamızın AVRO-2024-ün seçmə mərhələsində Avstriyaya qarşı keçirdiyi ilk görüş haqda fikirlərini açıqlayıb: “İkinci qoldan sonra da komanda ruhdan düşdü. Məncə, bu topu tez buraxmasaydıq, matç belə hesabla bitməyəcəkdi. Sadəcə buraxılan qollar nəticəyə təsir etdi. Yoxsa, dediyim kimi, yığma matça çox yaxşı başlamışdı. Hər halda, artıq bu görüş geridə qaldı və bu gün oynayacağımız oyunu düşünməliyik". 

Məmmədov İsveçə qarşı bugünkü görüşdə komandamızın xal qazanmaq ehtimallarını da dəyərləndirib: "Bilirsiz, çətin qrupda yer almışıq. Bu qrupda heç bir matç bizim üçün asan keçməyəcək. Eləcə də, İsveçə qarşı oyunlar. Lintsdəki ağır görüşdən sonra Solnada da oynamaq  çətin olacaq. Milli komandamıza uğurlar arzulayıram. Ümidvaram ki, hər şey millimiz üçün yaxşı alınacaq".

Qeyd edək ki, Lintsdəki görüşdə 1:4 hesabı ilə uduzan yığmamız bu gün Solnada İsveçin qonağı olacaq.

0