“Əminəm ki, həm dostluq, həm də rəqabət olacaq”
28.11.2023 - 16:23
“Əminəm ki, həm dostluq, həm də rəqabət olacaq”

Dünya çempionatı ilə bağlı mətbuat konfransı keçirildi

Dövlət Sərhəd Xidməti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Hərbçilər arasında Güləş üzrə 36-cı dünya çempionatına həsr olunan mətbuat konfransı baş tutub.

Apasport.az xəbər verir ki, tədbirdən əvvəl yarışla əlaqədar ölkəmizə dəvət olunmuş Beynəlxalq Hərbi İdman Şurasının nümayəndələri, çempionatın təşkilat komitəsinin rəhbərliyi və komandaların idarə heyətinin üzvləri Fəxri Xiyaban və Şəhidlər Xiyabanında olublar.

Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb, məzarı önünə əklil və gül dəstələri qoyulub. Şəhidlər xiyabanında Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş mərd oğul və qızların xatirəsi anılaraq “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Ardınca isə Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” İdman Mərkəzində keçiriləcək çempionatın açılış mərasimi münasibəti ilə mətbuat konfransı keçirilib. Tədbirdə çempionatın Təşkilat komitəsinin nümayəndəsi polkovnik Elşən Mirzəyev və Beynəlxalq Hərbi İdman Şurasının Avropa üzrə vitse-prezidenti cənab Dirk Şvede iştirak ediblər. Konfransda Beynəlxalq nüfuzlu yarışın Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsi, yarışların ən yüksək səviyyədə təşkil edilməsi böyük qürur hissi ilə qeyd olunub. 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilmiş uğurlu idman siyasəti nəticəsində Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığı bildirilib.

Mirzəyev yarış iştirakçıları üçün yaradılan şəraiti vurğulayıb: “Dünya çempionatında hərbi qonaqlar və Beynəlxalq idman aləminin tanınmış simaları iştirak edəcək. 12 nəfərdən ibarət peşəkar hakimin başçılığı ilə yunan-Roma və sərbəst güləş üzrə təşkil olunacaq. Azərbaycan nümayəndəliyi yarış iştirakçılarını hər bir şəraitlə təmin edib”.

Güləş üzrə 36-cı dünya çempionatında rəsmi qonaqlar, o cümlədən dünyanın ən böyük idman təşkilatlarından olan Beynəlxalq Hərbi İdman Şurasının rəhbərliyi, yüksək rütbəli hərbçilər və beynəlxalq idman aləminin tanınmış simalarının iştirak edəcəyi vurğulanıb.
Bildirilib ki, dünya çempionatında sərbəst və yunan-Roma güləşi üzrə yarışlar keçiriləcək. 18 ölkədən - Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Qazaxıstan, Braziliya, Albaniya, İtaliya, İsveçrə, İran, Belarus, Rumıniya, Monqolustan, Nigeriya, Əlcəzair, Tunis, İordaniya və Tanzaniyadan 176-sı kişi, 46-sı qadın olmaqla, ümumilikdə 222 idmançı xalça üzərinə çıxacaq. Bakıya gələn qonaqların ümumi sayı isə 400-ə yaxındır. Çempionatda 12 beynəlxalq dərəcəli hakim çalışacaq. 

Ölkəmizin qonaqları da Bakıda gördüklərindən razı qaldıqlarını bildiriblər. Beynəlxalq Hərbi İdman Şurasının Avropa üzrə vitse-prezidenti Dirk Şvede təşkilatçılıq barədə müsbət fikirlərini bildirərək qeyd edib ki, son günlər gördükləri, hər sahədə inkişafın olması böyük təəssüratlar yaradıb: “Millətləri bir araya gətirməkdə bu cür yarışlar böyük rol oynayır. Bugünkü çempionatda bütün millətlər bacarıqlarını ortaya qoyacaq. Əminəm ki, burda həm dostluq, həm də rəqabət olacaq”. 

Konfransda yarışların keçirilməsinə dair bütün texniki məsələlərin nəzərdən keçirildiyi və hazırlıq işlərinin sürətlə davam etdirildiyi bildirilib. Çıxış edənlər çempionatda mübarizə aparacaq idmançılara müvəffəqiyyətlər arzulayıblar.

Qeyd edək ki, dünya çempionatı 27 noyabr – 3 dekabr tarixlərində keçiriləcək.

0