
"Neftçi"nin sabiq legioneri Erik Ramos apasport.az saytına müsahibə verib.
- "Neftçi" ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşündə "Sabah"a qalib gələ bilmədi və turnirdəki iştirakını dayandırdı. Sənin üçün sürpriz oldu?
- Düzünü deyim, “Neftçi”nin ölkə kubokunda iştirakını dayandırması mənim üçün sürpriz olmadı. Çünki bu mövsüm onlar üçün heç də yaxşı keçmir. Üstəlik, komanda Premyer Liqanın son oyunlarında da uğursuz oldu. Ona görə də, kubokda da bu cür nəticə qeydə alındı. Yoxsa, təbii ki, “Neftçi”dən gözləntilər hər zaman yüksəkdir.
- "Neftçi" birinci hissədə pis oynamasa da, ikinci hissədə fiziki olaraq problem yaşadı. Səncə, komanda nəyə görə bu durumdadır?
- Mən düşünmürəm ki, “Neftçi”nin problemi fiziki məsələdir. Mənə görə, “Neftçi”nin əsas problemi psixoloji durumdur. Sanki komanda çox “zədələnib”. Komanda həlledici matç oynamaq inamını itirib. Görünür ki, kollektivin özünəinamı itib. Ona görə də ortada belə problemlər var.
- Yayda Roman Qriqorçuk komandaya baş məşqçi kimi gətiriləndə, çox adam uğurlu nəticə gözləyirdi, amma 9 oyun qalibiyyətsizliyə görə göndərildi. Samir Abasov hazırda komandanın baş məşqçisidir. Onun rəhbərliyi altında komanda yeni sezon uğurlu nəticə əldə edə bilər?
- Bəli, razıyam. Roman Qriqorçuk və yeni-yeni futbolçuların gəlişindən sonra gözləntilər çox yüksək idi. "Neftçi"nin Premyer Liqanın bu mövsümünü çox yaxşı keçirəcəyini gözləyənlər az deyildi. Amma çox təəssüflər olsun ki, “Neftçi” çempionluq mübarizəsindən çox erkən qopdu. Samir Abasovun gəlişi... O, yenidən komandanı qurmalıdır. Üstəlik, Samir “Neftçi”yə çempionluq qazandırmış sonuncu mütəxəssisdir. Demək ki, Samir Abasova zaman vermək və inanmaq lazımdır.
- Sən həm "Neftçi", həm də "Sabah"da oynamısan. "Sabah"ın finala çıxmasına görə sevinirsən, yoxsa "Neftçi"nin uğursuzluğuna görə?
- Həm “Sabah”da, həm də “Neftçi”də mənə olduqca yaxşı davranıblar. Hörmətlə yanaşıblar. Amma düzü, mən “Neftçi”nin fanatıyam və bu klubda özümü hər zaman çox xoşbəxt hiss etmişəm. Axı, mən orada az olmamışam. Dörd il “Neftçi”nin şərəfini qorumuşam.
- Artıq iki mövsümdür ki, "Neftçi" avrokuboklardan kənarda qalıb. Bu haqda fikrin necədir?
- Avrokuboklara vəsiqə qazana bilməmək, orada oynamamaq böyük maliyyə dayaqlarına malik böyük klub üçün uğursuzluqdur. Nə deyim? Ümidvaram ki, zamanla hər şey düzələcək və “Neftçi” hər zaman olduğu yerlərə qayıdacaq.