
"Turan Tovuz"un müdafiəçisi Faiq Hacıyev apasport.az saytına müsahibə verib.
- "Turan Tovuz" "Sumqayıt"la görüşdə (0:1) qələbə qazanmağı bacardı. Matç sizin üçün necə keçdi?
- Matçın çətin keçəcəyi onsuz da bəlli idi, bunu yaxşı bilirdik. Əslində, elə buna da hazırlaşmışdıq. Qol şanslarımız oldu. Daha yaxşı istifadə edə bilsəydik, daha fərqli hesabla ayrıla bilərdik. Hər halda, əsas olan qələbə idi ki, bunu da qazandıq.
- Bu oyuna qədər 3-cü yeri tutmaq ehtimalınız, şansınız var idi. Amma bu baş verməyəcək. Çünki "Araz-Naxçıvan" qalib gələrək, 3-cü pillədəki yerini rəsmiləşdirdi. Demək olar ki, Sumqayıtdakı qələbəyə lazımınca sevinə bilmədiniz?
- Bizim üçün hər qələbənin önəmi var. Düzdür, 3-cü yerdə olsaydıq, indi daha rahat olardı. Amma hər şey qabaqdadır. Necə olacaq, onu kubok oyunundan sonra biləcəyik. Hər halda, gözləyək, görək.
- Uzun müddət qeyri-stabil çıxış etdiniz, qələbə qazana bilmirdiniz. Hətta "Araz-Naxçıvan" uzun müddət qələbə qazanmasa da, ondan istifadə edə bilmədiniz. Bunu nə ilə əlaqələndirirsiniz?
- Biz də bunları düşünürük. Çox yaxşı şanslarımız oldu ki, üçüncü yeri tutaq. Amma şanslarımızdan istifadə edə bilmirdik. Futbolda belə şeylər olur. Daha diqqətli olsaydıq, bu gün başqa şeylərdən danışa bilərdik. Hər halda, artıq olanlar olub. Son turdakı matça hazırlaşırıq və kubokun final görüşünü gözləyirik.
- Mövsümün son turunda "Kəpəz"lə qarşılaşacaqsınız. Yəqin ki, oyunun sizin üçün o qədər də əhəmiyyəti olmadığı üçün maksimum istəkli çıxmaq çətin olacaq?
- Hər oyuna hazırlaşdığımız kimi, bu oyuna da maksimum ciddiyət və diqqətlə hazırlaşacağıq. Son oyun olsa da, bu, qərb derbisidir. Qələbə qazanıb, həm azarkeşlərimizi sevindirməyə, həm də mövsümü gözəl notlarla bitirməyə çalışacağıq.
- "Turan Tovuz"la müqavilə müddətin gələn ayın sonunda başa çatacaq. "Turan Tovuz"dan yeni müqavilə təklifi almısınız?
- İnşallah hər şey yolunda gedərsə, biz yolumuza birlikdə davam edəcəyik.
- "Turan Tovuz"un avrokuboklara getməsi üçün "Qarabağ" ölkə kubokunun finalında "Sabah"a qalib gəlməlidir. Sizxə, "Qarabağ" sizi sevindirə biləcək?
- Ümidlərimiz o yöndədir. Biz əlimizdən gələni etdik. Allah qoysa, sonda hər şey yaxşı bitər. Final isə bir oyundan ibarətdir. Şanslar 50/50-dir. Necə olacaq, biz də gözləyirik.
- Yeni mövsüm Premyer Liqada legioner limiti tətbiq edilməyəcək. Bunun üçün yerli futbolçular narahatdır. Bu barədə nə düşünürsünüz?
- Artıq qərar verilib. Bu haqda nəsə demək nəyisə dəyişmir. Daha yaxşı çalışıb, rəqabətə hazır olmalıyıq. Kim güclüdürsə, o da oynasın.