Fərid Nəbiyev: “Onunla nə söhbət etdim, nə də foto çəkdirdim” - MÜSAHİBƏ
26.07.2023 - 13:14
Fərid Nəbiyev: “Onunla nə söhbət etdim, nə də foto çəkdirdim” - MÜSAHİBƏ

“Turan Tovuz”un yarımmüdafiəçisi Fərid Nəbiyevin apasport.az saytına müsahibəsi

- "Turan Tovuz" "Eyüpspor"la matçda qalib gəldi. Görüş sizin üçün necə alındı? Yoxlama matçı olsa da, qələbə sizin üçün önəmli idi?
- Yoldaşlıq oyunlarında nəticə o qədər də önəmli olmasa da, qələbə komanda üçün həmişə vacibdir. Oyun gərgin və maraqlı keçdi. Düşünürəm ki, oyundan-oyuna daha da yaxşı olacağıq. Yaxşı səviyyədə işləyirik.

- "Eyüpspor" Arda Turanın komandasıdır. Yəqin ki, ona simpatiyan var. Maraqlıdır, matçdan öncə və ya sonra onunla heç söhbət etdin, foto çəkdirdin?
- Bəli, Arda Turanın oyununu "Atletiko"da oynayanda çox bəyənirdim. Ancaq nə söhbət etdim, nə də foto çəkdirdim. Çünki ancaq oyun haqda düşünürdüm. 

- "Eyüpspor"la matçda baxımlı qol vurmağı bacardın. Özünəinam baxımından sənin üçün önəmli oldu? 
- Əlbəttə ki, qol vurmaq, qol ötürməsi vermək özüməinamı daha da artırır. Ancaq ən əsası çalışıram ki, əlimdən gələnin ən yaxşısını komandam üçün edim. Mənim üçün oyun normal keçdi. Tam hazır olmasam da, oyundan-oyuna tam formaya düşəcəm. 

- İlk görüşdə "Adana Dəmirsıpor"la qarşılaşmışdınız. Həmin görüşlə müqayisədə, "Eyüpspor"a qarşı daha yaxşı oynadınız? Səncə, irəliləyiş oldu?
- Ağır məşqlərdən sonra ilk oyun oldu. Komandada yorğunluq hiss edilirdi. Ancaq buna baxmayaraq, komanda yaxşı mübarizə apardı. 

- "Turan Tovuz" həm sənin üçün yenidir, həm də səndən savayı yeni transferlər az deyil. Artıq ümumilikdə yeni komandaya uyğunlaşmısız? 
- Baş məşqçinin bizdən nə istədiyini bilirik. Bir-birimizə uyğunlaşmaq üçün bir az zaman lazımdır. Müəyyən müddət keçdikdən sonra uyğunlaşmanın daha da yaxşı olacağını düşünürəm.

- Necə düşünürsən, "Turan Tovuz" yeni mövsüm Premyer Liqada hansı məqsəd üçün oynaya bilər? 
- Çalışacağıq ki, biz də yuxarı yerlər üçün vuruşaq. Bunun üçün gücümüz də var, şəraitimiz də var. Necə alınacağını görəcəyik. Amma biz özümüzə çox inanırıq.

- Əslində, qardaşın Yusiflə yenə eyni komandada oynaya bilərdin. Amma sonda "Turan Tovuz"u seçdin. Onunla yəqin ki, yeni mövsümlə bağlı danışırsan. Səncə, "Səbail", yoxsa "Turan Tovuz" daha üst pillələrə yüksələ biləcək?
- Bunun indidən demək çox çətindir. Bu il düşünürəm ki, o biri illərdən çox fərqlənəcək. Çünki bizi daha güclü və maraqlı çempionat gözləyir. Hamı güclənir, hamı transferlər edir, hazırlaşır. Çox maraqlı olacaq.

0