Həndbol üzrə Azərbaycan çempionatlarında VIII turun oyunları keçirildi
29.01.2024 - 18:26
Həndbol üzrə Azərbaycan çempionatlarında VIII turun oyunları keçirildi

Həndbol üzrə Azərbaycan çempionatlarında VIII turun oyunları keçirilib.

Apasport.az Həndbol Federasiyasına istinadla xəbər verir ki, qadınların yarışında tura “Bakı” – “Kür” görüşü ilə start verilib. Oyunun aşkar favoriti sayılan Mingəçevir təmsilçisi gözlənildiyi kimi aktivinə növbəti qələbəni yazdırıb - 44:12.

“İdman Akademiyası” – “Azəryol” matçı da daha təcrübəli oyunçulardan ibarət olan komandanın xeyrinə nəticələnib. Rəqibi əksər göstəricilərdə üstələyən “Azəryol” meydandan inamlı qələbə ilə ayrılıb – 17:40. Turun son qarşılaşmasında isə “Qarabağ” “Gənclər Birliyi”ni böyük hesablı məğlubiyyətə uğradıb - 39:10.

“Qarabağ” 14 xalla çempionatın lideridir. “Azəryol”un 13, “Kür”ün 11 xalı var. “İdman Akademiyası” ilə “Bakı” hərəyə 6 xalla 4-5-ci yerləri bölüşür. Autsayder “Gənclər Birliyi” hələ xal qazana bilməyib.

Kişilərin yarışında VIII tur “Təhsil” – “Kür” matçı ilə başlanıb. Qonaqların tam üstünlüyü ilə yadda qalan oyun 22:40 hesabı ilə nəticələnib. “Qarabağ” - “Azəryol” görüşündə ikincilərin qələbəsinə inananlar yanılmayıblar. İnamlı oyun göstərən “Azəryol” azarkeşlərinin etimadını doğruldub - 36:29.

Turun ən gərgin və maraqlı qarşılaşması “Dinamo” və “İdman Akademiyası” komandaları arasında olub. Nominal ev sahibləri fasiləyə bir xallıq üstünlüklə yollansalar da görüş 26:26 hesabı ilə başa çatıb.

Aktivində 14 xalı olan “Kür” çempionatın lideridir. “Azəryol” ondan 4 xal geri qalır. “Bakı” ilə “Qarabağ”ın hərəyə 8, “Dinamo” ilə “İdman Akademiyası”nın 3 xalı var. “Təhsil” 2 xalla autsayderdir.

0