“Hərəyə 2 qol vuraq” - “aksiya”ya “Qarabağ” start
28.07.2023 - 14:52
“Hərəyə 2 qol vuraq” - “aksiya”ya “Qarabağ” start

Avrokubokların II təsnifat mərhələsinin ilk oyunları Azərbaycan klubları üçün maraqlı tendensiya ilə yadda qalıb.

Apasport.az saytının məlumatına görə, təmsilçilərimizin hamısı 2 qol vurub.

“Hərəyə 2 qol vuraq” hesab edilə biləcək “aksiya”ya “Qarabağ” start verib. Ağdamlılar Çempionlar Liqasında Polşa “Rakuv”una 2:3 hesabı ilə uduzub.

Evdə oynayan yeganə komandamız “Qəbələ”nin də taleyi eyni olub. Bölgə təmsilçisi Konfrans Liqasında Kipr “Omoniya”sına eyni hesabla uduzub.

Daha bir maraqlı fakt da bu nəticə ilə bağlıdır. 2 qol vuran, amma məğlub olan Azərbaycan klublarının ikisində də dubl gerçəkləşib “Qarabağ”da Redon Cica, “Qəbələ”də Əyyub Allaş qolları sıralasa da, sonda məğlub əhval-ruhiyyədən qurtulmayıb.

Konfrans Liqasındakı digər iki təmsilçimiz də meydanı 2 qolla tərk edib. Səfərdə oynayan “Sabah”la “Neftçi”nin nəticələri fərqli olub. 

Yerli baş məşqçilər Qurban Qurbanovla Elmar Baxşıyevin çalışdırdığı komandalar 2 qol vurub uduzubsa, legioner mütəxəssislərin yetirmələri məğlub olmayıb. Murad Musayevli “Sabah” Latviyada RFS-ya qalib gəlib – 2:0. Adrian Mutunun Bosniya və Herseqovinada gerçəkləşən debütündə “Jelezniçar”la məhsuldar heç-heçə qeydə alınıb – 2:2.

Bir sözlə, təmsilçilərimiz bu həftə 4 görüşdə 8 qol vurub və 8-ni buraxıb. Bu matçlardan üçündə qol buraxan klublarımız həftəni 1 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətlə tamamlayıb.

Qeyd edək ki, mərhələnin cavab oyunları avqustun 2-4-də keçiriləcək. Azərbaycan klubları 3-4-də meydana çıxacaq.

0