İdman gimnastlarının üçgünlük mübarizəsinə yekun vuruldu
18.03.2024 - 10:42
İdman gimnastlarının üçgünlük mübarizəsinə yekun vuruldu

15-17 mart tarixlərində Bakı daha bir beynəxalq yarışa uğurla ev sahibliyi etdi.

Apasport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turnirində Azərbaycanla yanaşı, Qazaxıstan, Ukrayna, Özbəkistan, Gürcüstan komandalarını təmsil edən 90-dək idmançı qüvvəsini sınadı.

Azərbaycanı yarışda böyüklər, gənclər və yeniyetmələr arasında 22 idmançı təmsil etdi.

Yarışın ikinci günündə çoxnövçülük proqramında və komanda hesabında qaliblər müəyyənləşdi.

Böyüklər arasında komandamızın üzvü İvan Tixonov qızıl, Nazənin Teymurova gümüş, Rəsul Əhmədzadə bürünc medal qazandı. Gənclər arasında Xədicə Abbaszadə və Aydın Əlizadə bürünc medallara sahib çıxdılar. Yeniyetmələr arasında İlham Salayev və Leyla Məmmədzadə gümüş, Hüseyn Qəhrəmanov və Albina Aliyeva bürünc medal əldə etdilər.

Komanda hesabında yeniyetmələr arasında kişilərdən ibarət komandamız (İlham Salayev, Hüseyn Qəhrəmanov, Emin Xankişiyev, Məhəmməd Rüstəmzadə) qızıl medal qazandı. Bu yaş qrupu üzrə qadınlardan ibarət komandamız (Albina Aliyeva, Ləman Məmmədzadə, Leyla Məmmədzadə, Aynaz Məcidzadə) da eyni uğura imza atdı. Rəsul Əhmədzadə, İvan Tixonov, Aydın Əlizadə, Nihat Muradlının yer aldığı Azərbaycanın böyüklər və gənclərdən ibarət komandası, eləcə də Dəniz Əliyeva, Aytən Məmmədova, Xədicə Abbaszadə, Nəzrin Hümbətovanın yer aldığı gənclərdən ibarət qadın komandamız ikinci pillədə qərarlaşdı.

Yarışın sonuncu günü idmançılar ayrı-ayrı alətlər üzrə final mərhələlərində məharətlərini nümayiş etdirdilər və hər üç yaş qrupunda qaliblər müəyyənləşdi.

Böyüklər arasında millimizin üzvləri Nazənin Teymurova qızıl (gimnastika tiri, sərbəst hərəkətlər, dayaqlı tullanma) və bürünc (müxtəlif hündürlüklü qollar), Nikita Simonov qızıl (halqalar), İvan Tixonov qızıl (dəstəli at, paralel qollar), gümüş (turnik) və bürünc (halqalar), Mənsum Səfərov qızıl (turnik), Rəsul Əhmədzadə qızıl (sərbəst hərəkətlər), gümüş (dəstəli at) və bürünc (paralel qollar), Murad Ağarzayev gümüş (sərbəst hərəkətlər) medal qazandı.

Gənclər arasında komandamızın üzvləri Aydın Əlizadə qızıl (dayaqlı tullanma, sərbəst hərəkətlər), gümüş (halqalar) və bürünc (dəstəli at, paralel qollar), Dəniz Əliyeva gümüş (dayaqlı tullanma), Xədicə Abbaszadə bürünc (sərbəst hərəkətlər) və Nihat Muradlı bürünc (turnik) medallara sahib oldular.

Yeniyetmələr arasında komandamızın üzvləri İlham Salayev qızıl (paralel qollar, halqalar), Albina Aliyeva qızıl (gimnastika tiri), gümüş (sərbəst hərəkətlər, dayaqlı tullanma) və bürünc (müxtəlif hündürlüklü qollar), Məhəmməd Rüstəmzadə qızıl (turnik), Emin Xankişiyev gümüş (dəstəli at) və bürünc (turnik), Hüseyn Qəhrəmanov gümüş (paralel qollar) və bürünc (dəstəli at, halqalar), Leyla Məmmədzadə gümüş (müxtəlif hündürlüklü qollar), Məhəmməd Rüstəmzadə gümüş (sərbəst hərəkətlər), Aynaz Məcidzadə bürünc (sərbəst hərəkətlər) və Emin Xankişiyev bürünc (sərbəst hərəkətlər) medallar əldə etdilər.

0