III MDB Oyunları: GÜNÜN PROQRAMI
06.10.2025 - 09:06
III MDB Oyunları: GÜNÜN PROQRAMI

III MDB Oyunlarının on birinci günündə 8 idman növü üzrə yarışlar baş tutacaq.

Apasport.az xəbər verir ki, Şəki şəhər stadionunda çövkən üzrə bürünc medal uğrunda matçda Qazaxıstan və Qırğızıstan milliləri qarşılaşacaqlar.
 
Eyni şəhərin Olimpiya İdman Kompleksində isə bədii gimnastika üzrə yarışlara start veriləcək.
 
Gəncə İdman Sarayında voleybol yarışının sonuncu günündə mükafatçılar müəyyənləşəcək. Qızlardan ibarət millimiz bürünc medal uğrunda Özbəkistanla mübarizə aparacaq. Belarus və Rusiya isə final matçında münasibətlərə aydınlıq gətirəcək. Oğlanlardan ibarət millimiz də bu gün növbəti oyununu keçirəcək. Rəqib – Belarus komandasıdır.
 
Qeyd olunan idman məkanında həmçinin qılıncoynatma yarışları davam edəcək, güllə atıcılığına isə yekun vurulacaq.
 
Bununla yanaşı, Gəncədə keçirilən 3x3 basketbol üzrə yarışın mükafatçıları müəyyənləşəcək. Yarımfinalda qızlardan ibarət Azərbaycan komandası Özbəkistanla, oğlanlardan ibarət millimiz – Belarusla qarşılaşacaqlar.
 
Mingəçevir “Kür” Olimpiya İdman Kompleksində isə avarçəkmənin kayak və kanoe növü üzrə final yarışları keçiriləcək.