İlqar Qurbanov: "Çempionatın maraqsız olmasının səbəbi "Qarabağ"dır" -Müsahibə
01.02.2024 - 20:39
İlqar Qurbanov: "Çempionatın maraqsız olmasının səbəbi "Qarabağ"dır" -Müsahibə

Veteran futbolçu, milli komandamızın seleksiyaçısı İlqar Qurbanovun apasport.az-a müsahibəsi.

- İlqar müəllim, çempionatın 2-ci yarısının 2 turu arxada qalıb. Təəssüratınız maraqlıdır.
- Premyer Liqanın 2-ci raundu yeni başlayıb. 2 tura nəzər salsaq, o qədər də maraqlı oyunlar izləmirik. Qarşılaşmalar az qolluluğu ilə diqqət çəkir. Komandaların başlıca məqsədi nəticəni qorumaqdır. Çempionatın maraqsız olmasının səbəblərindən biri "Qarabağ"ın dominantlıq etməsidir. Bu komandaya konkret başağrısı olacaq klub yoxdur. Ağdam təmsilçisi hərtərəfli üstünlüyünü nümayiş etdirir. 

- Deyirsiniz ki, "köhlən atlar" rahat çempion olacaq? 
- Mən demirəm, reallıq budur. Hazırda "Qarabağ" ən yaxın izləyicisindən 15 xal öndədir. Bu fərqin bir qədər də artmağı gözləniləndir, nəinki, azalması.

- Bəs digər mükafatçılar sırasında kimlər şanslıdır? 
- 4-5 komanda var ki, gümüş, bürünc mükafatlar almağa şanslıdır. Aşağı-yuxarı, hər birinin potensialı eynidir. Çünki, aralarındakı xal fərqləri də yüksək deyil. 

- Necə düşünürsünüz, "Sabah" mükafatçılar sırasına qoşula biləcəkmi? 
-  Heyətinə görə potensialı çoxdur. Bundan başqa komandada maliyyə və bu kimi sıxıntılar da yoxdur. Hesab edirəm ki, Masazır təmsilçisi ilk "3-lüy"ə düşmək üçün döyüşəcək. 

- Vaxtilə "Qəbələ"də də oynamısınız. Sabiq komandanızın hazırkı çıxışıyla bağlı nə deyərdiniz? 
- "Qəbələ" ölkə futbolunda özünə görə ağırlığı olan klublarımızdandır. Bölgə təmsilçisi 2 dəfə avro kubokların qrupunda oynayıb. Həmçinin "qırmızı-qaralar" yaxşı bazası, infrastrukturu olan klubdur. "Qəbələ"nin hazırkı çıxışı, nəticələri və turnir cədvəlinin zirzəmisində olması məni çox üzür. Komandanın keçdiyi tarixi yola, əziyyətlərinə nəzər salsaq, hazırda layiq olduğu yerdə deyil.

- "Qəbələ" yoxsa "Kəpəz", hansı elitanı tərk etməyə yaxındır? 
- Hesab edirəm ki, bu sual çempionatın sonuncu turunda aydınlaşacaq. 

- Bir qədər yığmamız haqqında danışaq. Ölkə xaricində gözaltı etdiyiniz yeni oyunçular varmı? 
- Xeyr, yoxdur. Hazırda əsas izlədiyim, nəzarətdə saxladığım Ukraynada oynayan Emil Mustafayevdir. O, hazırda öz klubunda şans qazanmasa da, potensialı böyük olan oyunçudur və millimizə böyük fayda verə bilər. 

- Amma nədənsə çox güvəndiyiniz futbolçunu hələlik yığmamıza qazandırmaq mümkün olmayıb...
- Mən Emil Mustafayevin milliyə cəlb olunması üçün Canni De Byaziyə dəfələrlə təklif vermişəm. Mənim işim futbolçuları tapıb, üzə çıxarmaq və baş məşqçiyə təklif etməkdir. Son qərarı da baş məşqçi verir. 

- Sizcə Emili hələ də ölkənin əsas komandasına qazandırmaq olarmı? 
- Hesab edirəm ki, qazandıracağıq. Sadəcə millinizdə yeni baş məşqçi təyinatı gerçəkləşməlidir. Bundan sonra yeni mütəxəssisə də futbolçunu təklif edəcəm. 

- Yazılanlara görə Ukrayna millisi də həmyerlimizi öz sıralarına qatmaq istəyir. Futbolçu Ukraynanın formasını geyinməyi üstün tutsa, necə olacaq? 
- Mən inanmıram ki, o, belə seçim edə. Bu vaxta qədər ona Ukrayna millisindən oynamaq üçün çox təklif olunub, amma Emil qəbul etməyib. O, əsl vətənpərvər azərbaycanlıdır. Atası da onun Azərbaycan yığmasında oynamasını istəyir. Hesab edirəm ki, Emil məhz bizim A millimizdə oynayacaq. 
 
- Sizcə, yığmamızın gələcək baş məşqçisi yerli yoxsa əcnəbi olmalıdır? 
- Bir azərbaycanlı kimi yerli məşqçiyə üstünlük verilməsini istəyərəm. Amma məsələyə peşəkarlıq aspektindən yanaşsaq, istər yerli, istər əcnəbi olsun, qısa zaman çərçivəsində millimizdən dinamik inkişaf və yer aldığı qruplarda dominantlıq edib 1-ci yeri tutması gözlənilmir. Bu sözlərim çoxuna xoş gəlməsə də, acı reallıqdı. Hazırda ölkə futbolunun problemi əcnəbi və ya yerli məşqçiylə bağlı deyil. Bu gün uşaq futbolumuz bərbad gündədir. Uşaq və yeniyetmə futbolçuların oynadığı çempionatların səviyyəsi çox aşağıdır. Aşağı yaş qruplarında futbolçu yetişməsə, eləcə də futbolumuzda digər bu kimi problemləri aradan qaldırmasaq, işimiz çox çətindir.

Abdulla İsmayıloğlu

0